Azərbaycan ilə Vyetnam arasında hərbi və hərbi-texniki sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib
Azərbaycan ilə Vyetnam arasında hərbi və hərbi-texniki sahələrdə əməkdaşlığın böyük potensialı var. Bu potensialdan istifadə edilməsi, hərbi təlim-təhsil, hərbi-texniki və hərbi sənaye sahələrində qarşılıqlı əməkdaşlığın qurulması faydalı olar.
Bu fikirlər Azərbaycanın Vyetnamdakı səfiri Anar İmanovun Vyetnam milli müdafiə nazirinin müavini Çıonq Kuanq Xanh ilə görüşündə səslənib.
Nazir müavini Çıonq Kuanq Xanh ənənəvi dostluq əlaqələrinin ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar yaratdığını vurğulayıb. O, ölkəsinin çətin günlərində Azərbaycanın Vyetnama dəstək olduğuna görə təşəkkürünü bildirib, vaxtilə Bakıda təhsil almış, hazırda isə Vyetnam Milli Müdafiə Nazirliyində yüksək vəzifələrdə çalışan çoxlu vyetnamlının olduğunu diqqətə çatdırıb.
Səfir A.İmanov ölkələrimiz arasında əlaqələrin fəallaşmaqda olduğunu vurğulayaraq, bunun əsas səbəbi kimi Azərbaycan Prezidenti İlham Əliyevin ötən il Vyetnama və Vyetnam Prezidenti Çıonq Tan Şanqın keçən ay Azərbaycana səfərlərini qeyd edib. Dövlət başçıları ölkələrimiz arasında hərbi sahədə əməkdaşlığın inkişaf etdirilməsini prioritet istiqamət kimi müəyyən ediblər.
A.İmanov Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbinin məzunlarının Vyetnamda milli müdafiə nazirinin müavini, Hərbi Dəniz Donanmasının vitse-admiralı, Baş Qərargah rəisi kimi vəzifələrdə çalışmalarının Azərbaycanda digər sahələrdə olduğu kimi, hərbi sahədə də təhsilin yüksək səviyyədə təşkilinin bariz nümunəsi olduğunu xüsusi vurğulayıb.
Səfir Azərbaycanın güclənməkdə olan ordusu, bu istiqamətdə görülən işlər, ölkəmizin hərbi sənaye kompleksi ilə bağlı məlumat verib. O, əvvəllər xarici ölkələrdən idxal edilən bir çox silah və hərbi sursatın hazırda ölkəmizdə Müdafiə Sənayesi Nazirliyi nəzdində fəaliyyət göstərən müəssisələrdə ən müasir texnologiyalar əsasında istehsal edildiyini bildirib.
AzərTac.az