Azərbaycan ilə Qırğız Respublikası arasında əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunmuşdur
Azərbaycanın Qırğız Respublikasındakı səfiri Hidayət Orucov bu ölkənin Baş naziri Comart Otorbaev ilə görüşmüşdür.
H.Orucov Baş naziri salamlayaraq bu yüksək vəzifəsinə təyin olunması münasibətilə təbrik etmiş, ona fəaliyyətində uğurlar arzulamışdır. Səfir ümidvar olduğunu bildirmişdir ki, Qırğızıstan Hökumətinin yeni sədri ölkələrimiz arasında əlaqələrin möhkəmlənməsi üçün səylərini əsirgəməyəcəkdir.
Baş nazir təbrik üçün təşəkkürünü bildirmiş, ölkələrimiz arasında əməkdaşlığın bundan sonra da davam edəcəyinə əmin olduğunu bildirmişdir. Ötən il Azərbaycanda səfərdə olduğunu xatırladan C.Otorbaev ölkəmizin bütün sahələrdə əldə etdiyi uğurlardan danışmış, müxtəlif sahələrdə birgə layihələrin hazırlanacağını bildirmişdir. Qeyd edilmişdir ki, Bişkekdə ulu öndər Heydər Əliyev adına parkın, səfirliyin binasının və Azərbaycan Mədəniyyət Mərkəzinin tikintisi əlaqələrimizin daha da inkişafına təkan verəcəkdir. Azərbaycan ilə Qırğız Respublikası arasında iqtisadı sahədə əməkdaşlığın daha da inkişafı üçün böyük potensial vardır və bundan istifadə edilməlidir.
Mədəniyyət sahəsində əməkdaşlığa toxunan C.Otorbaev son dövrdə bu istiqamətdə əlaqələrin genişlənməsində Azərbaycanın Qırğızıstandakı səfirliyinin rolunu xüsusi qeyd etmişdir. Tanınmış qırğız yazıçısı Çingiz Aytmatovun 85 illik yubileyinin Bakıda təntənəli şəkildə qeyd edilməsi, Bişkekdə Azərbaycanın Xalq Yazıçısı Anar ilə görüş keçirilməsi və digər tədbirlər ölkələrimiz arasında mədəniyyət sahəsində əməkdaşlığın inkişafının bariz nümunəsidir.
Diqqətə çatdırılmışdır ki, bu il Bişkekdə hökumətlərarası komissiyanın iclasının keçirilməsi nəzərdə tutulur. Bişkek ilə Bakı arasında birbaşa aviareysin açılması əlaqələrimizin bütün sahələrdə möhkəmləndirilməsinə və inkişafına xidmət edəcəkdir.
Səfir H.Orucov gələn il həm Azərbaycanda, həm də Qırğız Respublikasında mədəniyyət günlərinin keçirilməsi ilə bağlı məsələnin müzakirə olduğunu bildirmişdir.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunmuşdur.
Sonda səfir H.Orucov Baş nazir C.Otorbaevi Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə mayın 27-də səfirlik tərəfindən təşkil olunacaq rəsmi qəbula dəvət etmişdir.
AzərTac.az