Azərbaycan ilə Qərbi Qazaxıstan vilayəti arasında əlaqələr müzakirə olunmuşdur
Azərbaycanın Aktau şəhərindəki baş konsulluğunun nümayəndə heyəti mayın 26-28-də konsulluğun konsul dairəsinə daxil olan Qərbi Qazaxıstan vilayətində işgüzar səfərdə olmuşdur.
Baş konsulluğun mətbuat xidmətindən AzərTAc-a bildirilmişdir ki, Azərbaycanın Aktaudakı baş konsulu Rəşad Məmmədovun rəhbərliyi ilə nümayəndə heyətinin səfəri zamanı vilayət akimliyində (qubernatorluğu), Daxili İşlər Departamentində, vilayət prokurorluğunda, Sahibkarlıq və Sənaye İdarəsində, Mədəniyyət İdarəsində, Uralsk şəhər akimliyində (meriya) və digər təşkilatlarda görüşlər keçirilmişdir.
Səfərin ilk günü baş konsul R.Məmmədovun vilayət Daxili İşlər Departamenti, vilayət prokurorluğunda keçirdiyi görüşlər zamanı regionda yaşayan vətəndaşlarımız və həmyerlilərimizin qarşılaşdıqları çətinliklər müzakirə edilmiş, ümumi mövcud vəziyyətə dair fikir mübadiləsi aparılmışdır.
R.Məmmədovun Qərbi Qazaxıstan vilayətinin akimi Nurlan Noqayev ilə görüşündə Azərbaycan ilə Qazaxıstanın qərb vilayətləri arasında əlaqələrə, xüsusilə iqtisadi əməkdaşlığa dair fikir mübadiləsi aparılmışdır. Sonra nümayəndə heyətlərinin iştirakı ilə keçirilən iclasda Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının sonuncu iclasının Protokolundan irəli gələn məsələlər müzakirə edilmişdir.
Müzakirələr zamanı Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi ilə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) tərəfindən Qazaxıstan Respublikasının Qərbi Qazaxıstan vilayətinin iş adamlarının iştirakı ilə Bakı şəhərində biznes forumun keçirilməsi, vilayət akimliyi ilə ölkəmizin müvafiq qurumları arasında elmi-texniki, mədəni, və iqtisadi sahələrdə əlaqələrin inkişaf etdirilməsi üçün müvafiq razılaşmaların əldə olunması, Uralsk şəhəri ilə Azərbaycanın hər hansı bir şəhəri arasında qardaşlaşmış şəhərlər haqqında memorandumun imzalanması, ölkəmizin müvafiq ali təhsil ocaqları ilə vilayət universitetləri və institutları arasında əlaqələrin qurulması, Azərbaycan iş adamlarının və biznes strukturlarının nümayəndələrinin cari ilin avqust–sentyabr aylarında Uralsk şəhərində keçirilməsi planlaşdırılan “West Kaz Invest – 2014” forumunda iştirakının təşkili, Qərbi Qazaxıstan vilayətində yetişdirilən kənd təsərrüfatı məhsullarının ölkəmizə ixracı və digər məsələlər müzakirə edilmişdir.
Daha sonra Qərbi Qazaxıstan vilayətinin Sahibkarlıq və Sənaye İdarəsi tərəfindən baş konsulluğun nümayəndə heyətinin vilayətin İş Adamları Palatasının nümayəndələri ilə görüşü keçirilmişdir. Otuza yaxın yerli şirkətin nümayəndələri ilə keçirilən görüşdə baş konsul ölkəmizin son illərdə əldə etdiyi iqtisadi nailiyyətlər, tranzit potensialı, investisiya mühiti, kənd təsərrüfatı sahəsində əldə olunmuş uğurlar, innovasiya şirkətləri və texnoloji parklar haqqında görüş iştirakçılarına ətraflı məlumat vermiş, iş adamlarını maraqlandıran sualları cavablandırmışdır.
Səfərin sonunda baş konsulluğun nümayəndə heyətinin Qərbi Qazaxıstan vilayətində fəaliyyət göstərən azərbaycanlıların “Birlik” Milli-Mədəni Cəmiyyətinin üzvləri, həmyerlilərimiz və vilayətdə müvəqqəti yaşayan vətəndaşlarımız ilə görüşü keçirilmişdir. “Birlik” Milli-Mədəni Cəmiyyətinin ofisində təşkil olunmuş və 70-ə yaxın həmyerlimiz və vətəndaşımızın iştirak etdiyi görüşdə baş konsul çıxış edərək ölkəmiz, xüsusilə Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti haqqında məlumat vermişdir.
AzərTac.az