Azərbaycan ilə Kolumbiya arasında əlaqələrin genişləndirilməsi istiqamətində müzakirələr aparılmışdır
Azərbaycanın Meksikada və eyni zamanda Kolumbiyadakı səfiri İlqar Muxtarov Kolumbiyanın xarici işlər naziri xanım Maria Anqela Holquin Kuellar ilə görüşmüşdür.
Səfirlikdən AzərTAc-a verilən məlumata görə səfir İ.Muxtarov bu ili iki ölkə arasında əlamətdar il kimi xarakterizə edərək, Kolumbiyanın ölkəmizdə səfirlik açmasını Azərbaycan tərəfindən məmnuniyyətlə qarşılandığını bildirmişdir. Azərbaycan səfiri ölkəsinin də cari ilin mart ayından Kolumbiyada diplomatik nümayəndəliyinin fəaliyyətə başlayacağını qeyd edərək, bu ölkəyə təyin olunmuş müvəqqəti işlər vəkili Ramil Fərzəliyevi qarşı tərəfə təqdim etmişdir. Səfir İ.Muxtarov Azərbaycanın Meksikadakı səfirliyinin Kolumbiyadakı ofisinin fəaliyyətə başlamasının əlaqələrin intensivləşdirilməsinə, xalqlarımız arasında dostluq münasibətlərinin möhkəmləndirilməsinə xidmət edəcəyini bildirmişdir.
Səfir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Kolumbiya Konqresinin ədalətli mövqedən çıxış etdiyini vurğulayaraq, Kolumbiya Senatının 2012-ci ildə “Azərbaycan ərazisinin qanunsuz işğal edilməsi” haqqında və 2013-cü ildə Kolumbiya Konqresinin Nümayəndələr Palatasının Xocalı soyqırımını da pisləyən “Ermənistan-Azərbaycan münaqişəsi” haqqında qərarlarına görə Kolumbiya tərəfinə bir daha minnətdarlıq bildirmişdir.
Nazir Kuellar 2013-cü ildə Azərbaycana səfərini, eləcə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul edildiyini məmnunluqla xatırladığını, Kolumbiyanın Azərbaycan ilə əlaqələrin daha da inkişaf etdirilməsində maraqlı olduğunu, ikitərəfli münasibətlərin bütün sahələrində faydalı əməkdaşlıq üçün kifayət qədər potensialın mövcudluğunu qeyd edərək, azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşlərində bu istiqamətdə müzakirələr aparıldığını bildirmişdir.
Daha sonra səfir İ.Muxtarov iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 20 illiyi münasibətilə cari ilin payızında Kolumbiyada Azərbaycan Mədəniyyəti Günlərinin keçiriləcəyini bildirərək, Kolumbiyanın aidiyyəti qurumlarının bununla bağlı lazımi dəstək göstərəcəyinə ümidvar olduğunu qeyd etmişdir. Səfir Kolumbiyanın cari ildə də Azərbaycanda bu kimi tədbirlər keçirməsini arzu etdiyini həmsöhbətinə çatdırmışdır.
Görüşdə iki ölkə arasında mövcud dostluq münasibətlərinin daha da dərinləşdirilməsi və əlaqələrin gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparılmışdır.
AzərTac.az