Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının yığıncağı keçirilmişdir

Posted by

Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının yığıncağı keçirilmişdir

Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının yığıncağı keçirilmişdir

Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının yığıncağı keçirilmişdir

Aprelin 15-də Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının (AŞBMA) növbəti ümumi yığıncağı keçirilmişdir.

AzərTAc xəbər verir ki, yığıncaqda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, Milli Məclisin, Ədliyyə Nazirliyinin, qəsəbə və kənd bələdiyyələrinin milli assosiasiyalarının, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak etmişlər.

İclasda bələdiyyələrin fəaliyyətinin əlaqələndirilməsi, onların üzləşdikləri problemlərin birgə həllinə kömək göstərilməsi, ölkədə yerli özünüidarəetmənin inkişafına nail olunması ilə bağlı müzakirələr aparılmışdır.

Yığıncaqda AŞBMA-nın sədri Əbülfəz Babayev qurumun illik hesabatı və fəaliyyətinin əsas istiqamətləri haqqında məruzə ilə çıxış etmişdir. Bildirilmişdir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə həyata keçirilən genişmiqyaslı islahatlar, dövlət idarəçiliyinin təkmilləşdirilməsində və sosial-iqtisadi sahədə əldə olunan nailiyyətlər, əhalinin yaşayış səviyyəsinin gündən-günə yüksəlməsi istiqamətində görülən işlər bələdiyyələrin də fəaliyyətinin müasir səviyyədə qurulmasına zəmin yaradır. AŞBMA əhalinin həyat şəraitinin yaxşılaşdırılması üçün yerlərdə irimiqyaslı layihələr həyata keçirir, mövcud problemlərin aradan qaldırılması istiqamətində tədbirlər görür. Bunun nəticəsi olaraq, bələdiyyə idarəçiliyinin səmərəliliyi daha da artırılmış, yerli əhali ilə qarşılıqlı münasibətlər xeyli gücləndirilmişdir.

Milli Məclisin regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə bələdiyyələrin fəaliyyətinin əlaqələndirilməsi, yerli özünüidarəetmənin inkişafı, vətəndaş cəmiyyətinin qurulması zamanı demokratik prinsiplərin tətbiqində bələdiyyələrin rolunun artırılması məsələlərindən danışmışdır.

Tədbirdə şəhər bələdiyyələrinin sədrləri gördükləri işlər, yerli əhəmiyyətli məsələlərin həllində əhalinin iştirakı, bələdiyyələrin maliyyə imkanlarının artırılması, bələdiyyə-vətəndaş əlaqələrinin möhkəmləndirilməsində bələdiyyə qulluqçularının peşəkarlığı, bələdiyyələrin fəaliyyətində aşkarlığın və şəffaflığın təmin olunması mövzularında çıxışlar etmişlər.

Çıxışlarda görülmüş işlər və əldə olunmuş nailiyyətlərdən bəhs edilmiş, bələdiyyələrin fəaliyyətində şəffaflığın daha da artırılmasının zəruriliyi qeyd edilmiş, yerli vergi və ödənişlərin yığılmasında mövcud çətinliklərin aradan qaldırılması yollarına dair bir çox təkliflər səsləndirilmiş, bununla bağlı müvafiq tədbirlərin görülməsi qərara alınmışdır.

Bildirilmişdir ki, 2013-cü ildə şəhər bələdiyyələrinin fəaliyyəti uğurlu olmuşdur. Onlar qarşıda duran vəzifələri layiqincə yerinə yetirərək ərazilərində aparılan abadlıq və quruculuq işlərində fəal iştirak etmiş, sosial-iqtisadi layihələr həyata keçirmişlər. Bələdiyyə idarəçiliyinin səmərəliliyi daha da artmış, yerli əhali ilə qarşılıqlı münasibətlər xeyli gücləndirilmişdir.

Sonda nəzarət-təftiş komissiyasının hesabatı dinlənilmiş, 2014-cü ilin büdcəsi təsdiq edilmiş və təşkilatı məsələyə baxılmışdır.

 

AzərTac.az