Azərbaycan fövqəladə hallar naziri Türkiyənin daxili işlər naziri ilə görüşüb
Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov mayın 26-da Türkiyənin daxili işlər naziri Efkan Alanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə qonağa Azərbaycanda fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlər, nazirliyin strukturuna daxil olan qurumların fəaliyyəti barədə ətraflı məlumat verilib.
K. Heydərov bildirib ki, Azərbaycan FHN-lə Türkiyənin müvafiq dövlət qurumları arasında fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlıq əlaqələri yüksək səviyyədədir və bu əməkdaşlığın geniş perspektivləri mövcuddur.
Türkiyəli nazir bütün sahələrdə olduğu kimi, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində də iki qardaş ölkənin nazirlikləri arasında əməkdaşlığın daha da gücləndirilməsinin zəruriliyini vurğulayıb.
Tərəflər qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparıblar.
Görüşdən sonra qonaqlar FHN-in Böhran Mərkəzi və Multimedia Mərkəzinin fəaliyyəti ilə tanış olublar.
Apa.az