Azərbaycan Əfqanıstanda sülhün və sabitliyin təmin olunmasına töhfələrini davam etdirəcək

Posted by

Azərbaycan Əfqanıstanda sülhün və sabitliyin təmin olunmasına töhfələrini davam etdirəcəkAzərbaycan Əfqanıstanda sülhün və sabitliyin təmin olunmasına töhfələrini davam etdirəcək

Azərbaycan Əfqanıstanda sülhün və sabitliyin təmin olunmasına töhfələrini davam etdirəcək

Çin Xalq Respublikasının paytaxtı Pekində Əfqanıstana dair İstanbul Prosesinin – “Asiyanın ürəyi”nin 4-cü Nazirlər Konfransı keçirilib. Tədbirdə İstanbul Prosesinin iştirakçısı olan 15 ölkədən 14-nün, o cümlədən Azərbaycanın nümayəndə heyəti, habelə prosesi dəstəkləyən dövlətlərin və təşkilatların təmsilçiləri iştirak ediblər.

Açılış mərasimində Əfqanıstan Prezidenti Əşrəf Qəni Əhmədzayın və ÇXR Dövlət Şurasının sədri (Baş nazir) Li Keçyanın çıxış etdikləri konfransda Əfqanıstanda təhlükəsizlik, sülhyaratma, inkişaf prosesinə dair məsələlər müzakirə olundu.

Azərbaycan nümayəndə heyətinin başçısı, Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Aqşin Mehdiyev çıxışında ölkəmizin Əfqanıstanda sülhün və sabitliyin təmin olunması işinə, iqtisadi inkişafa töhfələrinin bundan sonra da davam edəcəyini bildirdi. O, Azərbaycanın keçid dövrünü arxada qoyan ölkə kimi öz təcrübəsini Əfqanıstanla bölməyə, bu ölkənin regional iqtisadiyyata inteqrasiyasına dəstək verməyə hazır olduğunu söylədi. Bildirildi ki, bu istiqamətdə Azərbaycanın regional iqtisadi əməkdaşlıq sahəsində sahib olduğu təcrübə, xüsusilə transregional infrastruktur imkanları önəmli rol oynaya bilər.

A.Mehdiyev Əfqanıstanın və “Asiyanın ürəyi” prosesinin iştirakçısı olan digər ölkələrin üzləşdiyi təhdidlərə diqqət yetirməyin vacibliyini vurğulayaraq, separatizmin, ekstremizmin və terrorizmin region ölkələrinin suverenliyinə, ərazi bütövlüyünə və sabitliyinə ciddi təhlükə olduğunu diqqətə çatdırdı.

Konfransda İstanbul Prosesinin üzvü olan 14 ölkənin, habelə onu dəstəkləyən 16 dövlətin, 12 beynəlxalq və regional təşkilatın

nümayəndələri “Asiyanın ürəyi”nin 4-cü Nazirlər Konfransının Bəyannaməsini qəbul etdilər. Pekin Bəyannaməsinin 11-ci bəndində tərəflər region ölkələrinin bir çoxu üçün ciddi çağırışlara səbəb olan terrorizm, ekstremizm və separatizmin qarşısının yalnız konkret birgə səylərlə alına biləcəyinə dair razılığı bir daha təkrarlayırlar. Tərəflər regional əməkdaşlığı genişləndirməklə, sərhəd nəzarətini gücləndirməklə onların bazalarını və təlim mərkəzlərini yox etməyə, maliyyə, silah və sursat təminatı mənbələrini kəsməyə qərarlı olduqlarını təsdiq edirlər.

Bəyannamənin 17-ci bəndində isə qeyd olunur ki, “Asiyanın ürəyi” və onu dəstəkləyənlər dövlətlərin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü prinsiplərini əldə rəhbər tutmalı, ölkələrin daxili işlərinə qarışmamalı, güc tətbiq etməklə hər hansı dövlətin ərazi bütövlüyünün pozulmasından çəkinməlidirlər.

2011-ci ildə fəaliyyətinə start verilən İstanbul Prosesi Əfqanıstanın birbaşa və regional qonşusu olan 15 ölkə tərəfindən yaradılıb və şərti olaraq “Asiyanın ürəyi” adlandırılan siyasi prosesdir. Bu təşəbbüsün əsas məqsədi Əfqanıstanda sülh, sabitlik və inkişafın təmin olunmasıdır.

 

AzərTac/az