“Azərbaycan-Belarus” Dostluq və Əməkdaşlıq Cəmiyyətinin 5 yaşı tamam olub

Posted by

“Azərbaycan-Belarus” Dostluq və Əməkdaşlıq Cəmiyyətinin 5 yaşı tamam olub“Azərbaycan-Belarus” Dostluq və Əməkdaşlıq Cəmiyyətinin 5 yaşı tamam olub

“Azərbaycan-Belarus” Dostluq və Əməkdaşlıq Cəmiyyətinin 5 yaşı tamam olub

Azərbaycanın elm, mədəniyyət, incəsənət, təhsil sahələrinin və işgüzar dairələrinin görkəmli nümayəndələrinin üzvü olduqları “Azərbaycan-Belarus” Dostluq və Əməkdaşlıq Cəmiyyətinin 5 yaşı tamam olub. AzərTAc xəbər verir ki, bununla əlaqədar olaraq Belarus Respublikasının Azərbaycan Respublikasındakı səfirliyində cəmiyyətin təntənəli iclası keçirilib. İclasda cəmiyyətin rəhbəri, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri, akademik Arif Mehdiyev cəmiyyətin keçdiyi yol haqqında söhbət açıb. O, cəmiyyətin əsas məqsədinin ikitərəfli münasibətləri inkişaf etdirməkdən ibarət olduğunu qeyd edərək bildirib ki, öz fəaliyyəti dövründə cəmiyyət 30-dan çox humanitar yönümlü tədbir həyata keçirib, o, Azərbaycan ilə Belarus arasında parlament əlaqələrinin, elmi və mədəni əlaqələrin inkişafına səmərəli kömək göstərir. A.Mehdiyev deyib: “Cəmiyyət daim səfirliklə əlaqəli şəkildə işləyir, diplomatik missiyanın əməkdaşları, xüsusən səfir Nikolay Patskeviç bizə böyük kömək göstərir”. O, səfirə və səfirliyin əməkdaşlarına minnətdarlığını bildirib.

Bu cəmiyyətin yaradılmasının təşəbbüsçüsü, Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri akademik Ziyad Səmədzadə qeyd edib ki, cəmiyyətin fəaliyyət göstərdiyi dövrdə ölkələrimiz arasında qarşılıqlı əlaqələrin inkişafına həsr olunmuş 3 jurnal və 3 xüsusi qəzet nəşr edilib. Akademik gələcək planlardan söhbət açaraq bildirib ki, hazırda azərbaycanlıların Böyük Vətən müharibəsində iştirakına həsr olunmuş böyük bir kitab hazırlanır.

Tədbirdə çıxış edən Belarus Respublikasının Azərbaycandakı səfiri Nikolay Patskeviç ikitərəfli münasibətlərin inkişafına verdiyi töhfəyə görə cəmiyyətin üzvlərinə təşəkkür edərək deyib ki, səfirlik bundan sonra da imkanı daxilində öz köməyini əsirgəməyəcək, cəmiyyətin bütün təşəbbüslərini dəstəkləyəcəkdir. O, Belarusda cəmiyyətin fəaliyyətinə hamının, xüsusən Prezident Aleksandr Lukaşenkonun özünün yaxşı bələd olduğunu bildirərək xatırladıb ki, Belarus-Azərbaycan əlaqələrinin inkişafına böyük şəxsi töhfəsinə görə cəmiyyətin üzvləri Arif Mehdiyev, Ziyad Səmədzadə və Zərifə Salahova Belarus Respublikasının yüksək dövlət mükafatına – Fransisk Skorina medalına layiq görülüblər.

İclasın sonunda cəmiyyətin rəhbərliyi və bir sıra üzvləri Belarus-Azərbaycan əməkdaşlığının inkişafına, Belarus və Azərbaycan xalqları arasında dostluğun möhkəmlənməsinə böyük şəxsi töhfəsinə görə Belarus Respublikasının dövlət idarəçiliyi orqanlarının fəxri fərmanları və fərqlənmə nişanları ilə təltif olunublar.

 

AzərTac.az