Azərbaycan ağıllı aviabombaların seriyalı istehsalına başlayacaq
2015-ci ildə Azərbaycan ağıllı aviabombaların seriyalı istehsalına başlayacaq. Trend-in məlumatına görə, bunu jurnalistlərə müdafiə sənayesi naziri Yavər Camalov deyib.
Nazir bildirib ki, 2015-ci ildə Azərbaycanda artıq “İDEX 2014” sərgisində nümayiş olunan ağıllı aviabombaların seriyalı istehsalına başlanılacaq: “Ölkə daxilində müvafiq strukturların sifarişləri artıqlaması ilə təmin olunub. Müdafiə Sənayesi Nazirliyinin istehsal gücü verilən sifarişdən qat-qat artıqdır”.
Y.Camalov deyib ki, Azərbaycanda müdafiə təyinatlı məhsulların istehsalına xarici ölkələrdən dəvət olunmuş mütəxəssislər cəlb olunur: “Azərbaycanda müdafiə sənayesi məhsullarının istehsalı üçün texnologiyalar hansı ölkələrdən alınırsa, həmin şirkətlərin nümayəndələri istehsal prosesində iştirak edə bilərlər. Məhz həmin şirkətlərin təmsil etdiyi ölkələrdən mütəxəssislər də dəvət olunur”.
Nazir bildirib ki, hazırda Müdafiə Sənayesi Nazirliyində (MSN) 58 istehsal sahəsi mövcuddur: “Onların hamısı dünyanın aparıcı şirkətlərindən alınmış avadanlıqlarla təchiz olunub. Hazırda nazirliyin müəssisələrində 900-dən artıq müdafiə təyinatlı məhsullar istehsal olunur və onların bir qismi beynəlxalq sərgilərdə nümayiş etdirilir. Beynəlxalq sərgilərdə nümayiş etdirilən məhsulların sayı getdikcə artır. Vaxtilə Türkiyədəki sərgidə 27, Malayziyada 132, bu il Bakıda keçirilən Beynəlxalq Müdafiə Sənayesi Sərgisində isə 168 adda müdafiə təyinatlı məhsul nümayiş olunub. 2014-cü ildə Azərbaycanda istehsal olunan 100 milyon dollar dəyərində müdafiə təyinatlı məhsul ixrac edilib”.
Y.Camalovun sözlərinə görə, növbəti ildə ixrac daha çox olacaq: “Hazırda bir sıra ölkələrdən, o cümlədən Malayziyadan Azərbaycanın müdafiə təyinatlı məhsullarının həmin ölkələrə ixracı ilə bağlı təkliflər var. Bununla bağlı müzakirələr gedir, müvafiq qərar qəbul olunacaq. Nazirlikdə müdafiə təyinatlı məhsullarla yanaşı, 450-dən çox adda mülki təyinatlı məhsullar da istehsal olunur”.
Trend.az