Azərbaycan-ABŞ hərbi əməkdaşlığının inkişafına xidmət edən sazişin vaxtı daha 5 il uzadılır

Posted by

Azərbaycan-ABŞ hərbi əməkdaşlığının inkişafına xidmət edən sazişin vaxtı daha 5 il uzadılır

Azərbaycan və ABŞ arasında hərbi əməkdaşlığın inkişafına xidmət edən sazişin vaxtı daha 5 il uzadılır.

 

Trend-in məlumatına görə, dekabrın 18-də keçirilən Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin iclasında çıxış edən komitənin sədri Ziyafət Əsgərov gündəlikdə duran “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Amerika Birləşmiş Ştatlarının Müdafiə Nazirliyi arasında avadanlığın alınması və qarşılıqlı xidmət haqqında” Sazişin (USA-AZE-02) təsdiq edilməsi barədə” və “Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi”ndə dəyişikliklər edilməsi barədə” qanun layihələri haqqında məlumat verib.

 

Z.Əsgərov bildirib ki, Azərbaycan və ABŞ arasında imzalanmış bu saziş 2003-cü ilin dekabrında təsdiqlənib.

 

On il müddətli saziş tərəflər arasında qarşılıqlı maddi-texniki təminatın asanlaşdırılması məqsədi ilə imzalanıb. Bu ilin dekabrında “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Amerika Birləşmiş Ştatlarının Müdafiə Nazirliyi arasında avadanlığın alınması və qarşılıqlı xidmət haqqında” Sazişin müddətinin bitdiyini deyən Z.Əsgərov qanun layihəsinin sənədin vaxtının müəyyən dəyişikliklərlə beş il uzadılması məqsədi ilə Milli Məclisə təqdim olunduğunu bildirib.

 

İclasda, həmçinin bildirilib ki, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi”ndə dəyişikliklər edilməsi barədə” qanun layihəsi isə uyğunlaşdırma xarakteri daşıyır. Dəyişikliklər “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanunun tətbiqi ilə əlaqədar edilir.

 

Deputatlar qeyd ediblər ki, Azərbaycan və ABŞ arasında imzalanmış sazişin yenidən vaxtının uzadılması iki ölkə arasındakı hərbi əməkdaşlığın yüksək səviyyədə olmasının bariz nümunəsidir.

 

Müzakirələrdən sonra hər iki qanun layihəsinin Milli Məclisin plenar iclasına çıxarılması tövsiyə olunub.