Azay Quliyev Robert Sekuta ilə görüşüb
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında ABŞ-ın ölkəmizdəki səfiri Robert Sekuta, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) direktor əvəzi Kristofer Monahan və səfirliyin siyasi işlər üzrə müşaviri Yaniv Barzilay ilə görüş keçirilib.
Şuradan Trend-ə verilən məlumata görə, görüşdə Şura sədri, millət vəkili Azay Quliyev qonaqları salamlayaraq ABŞ ilə münasibətlərin Azərbaycan üçün daima prioritet istiqamətlərdən olduğunu diqqətə çatdırıb.
ABŞ-ın ölkəmizdəki səfiri R.Sekuta Azərbaycanın son illərdə əldə etdiyi inkişafı və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq imkanlarını yüksək qiymətləndirdiyini bildirib.
Səfir QHT qanunvericiliyinə edilən son əlavə və dəyişikliklərlə bağlı bəzi məqamlara dair suallarının olduğunu və bu istiqamətdəki ən son yeniliklər barədə məlumat almaq istədiyini qeyd edib.
A.Quliyev qanunvericiliyə edilmiş əlavə və dəyişiklərin cari vəziyyəti haqqında qonaqları məlumatlandırıb və qonaqları maraqlandıran digər suallara cavab verib.
Görüşün sonunda tərəflər qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələrin davam etdirilməsinin ölkələrimiz arasındakı dostluq münasibətlərinin daha da yaxşılaşması baxımından vacib olduğunu bildiriblər.
Trend.az