“Azərbaycan xarici və milli donorların fəaliyyətində şəffaflığın artırılmasında maraqlıdır”
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasında ABŞ-ın ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili Derek Hoqan, səfirliyin siyasi müşaviri Daniel Slaşer, Beynəlxalq İnkişaf Agentliyinin (USAID) direktoru Bruk Ayşam və Agentliyin əməkdaşı Kris Şaffer ilə görüş keçirilib.
Şuranın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycandakı vətəndaş cəmiyyətinin vəziyyəti, QHT-lər haqqında qanunvericiliyə edilən əlavə və dəyişikliklər, Azərbaycan-ABŞ münasibətləri və əməkdaşlığın gələcək perspektivləri haqqında fikir mübadiləsi aparılıb.
ABŞ-ın ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili D.Hoqan QHT-lər haqqında qanunvericiliyə edilən əlavə və dəyişikliklərin xarici donorların fəaliyyətinə təsiri, onların qeydiyyat məsələləri, təsdiq olunacaq yeni qaydalarla bağlı Şura sədrinin fikirlərini öyrənib.
A.Quliyev qanunvericiliyə edilən əlavə və dəyişikliklərin indiyədək mövcud olan boşluqların aradan qaldırılması, vətəndaş cəmiyyətində sağlam mühitin yaradılması, şəffaflığın və səmərəliliyin təmin olunması məqsədi ilə həyata keçirildiyini bildirib.
Şura sədri, həmçinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncama əsasən, bundan sonra ölkədəki dövlət qurumları tərəfindən QHT-lər üçün ayrılan qrant layihələrinin Şura ilə razılaşdırılacağını deyib. O vurğulayıb ki, bu sərəncam Azərbaycan dövlətinin yalnız xarici donorların deyil, milli donorların fəaliyyətində də şəffaflığın və səmərəliliyin artırılmasında maraqlı olduğunu göstərir.
Trend.az