Azad Azərbaycan televiziyası və 106.3 FM radiosu Cocuq Mərcanlıdan canlı yayımlanıb

Posted by

Hər zaman yeni layihələrə imza atan Azad Azərbaycan televiziyası və 106.3 FM radiosu 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə ilk dəfə olaraq tamaşaçılarını və dinləyicilərini Cəbrayıl rayonunun düşməndən azad edilmiş Cocuq Mərcanlı kəndindən birbaşa canlı yayımla salamlayıb.

Düşmənlə bir neçə kilometr məsafədən həyata keçirilən canlı yayım Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Canlı yayımda Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ötən ilin aprel döyüşlərində qazanılan qələbədən, Lələtəpə yüksəkliyinin düşməndən azad edilməsindən, Azərbaycan əsgərinin qəhrəmanlığından, Cocuq Mərcanlıdan olan məcburi köçkünlərin doğma yurdlarına qayıdışından danışılıb, belə zəfər günlərinin hələ çox olacağı vurğulanıb.

Birbaşa yayımda respublikamızın tanınmış incəsənət ustalarının ifasında konsert proqramı təqdim olunub.

Cocuq Mərcanlı sakinləri ilə yanaşı, N saylı hərbi hissənin əsgər və zabitləri də Dövlət Bayrağı Gününü böyük sevinclə qeyd ediblər.

Çıxış edən kənd sakinləri 106.3 FM radiosunun və Azad Azərbaycan televiziyasının onlara göstərdiyi diqqətə görə təşəkkürlərini bildiriblər.

AZƏRTAC