Azərbaycanda işləyən qadınların sayı açıqlanıb

Posted by

“2003-cü ilə nisbətən Azərbaycanda məşğul əhali tərkibində qadınların sayı ötən dövrdə 23,2 faiz artaraq cari ilin əvvəlinə 2 348 400 nəfərə çatıb”.

“Report” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

O bildirib ki, Azərbaycanda qadınların sosial-iqtisadi və ictimai-siyasi həyatda bərabərhüquqlu iştirakı təmin olunub, o cümlədən əmək və məşğulluq sahəsində qadınlara qarşı hər hansı ayrı-seçkiliyin mövcud olmadığı dövlətlərdən birinə çevrilib.

Nazir qeyd edib ki, qadın hüquqları ilə bağlı mühüm beynəlxalq sənədləri ratifikasiya edən ölkə milli qanunvericiliyini gender bərabərliyi ilə bağlı mütərəqqi yanaşmalara uyğun qurub: “Azərbaycan Prezidenti İlham Əliyevin sosial-iqtisadi siyasətinin uğurlarından biri kimi respublikada əmək resurslarının məşğulluq imkanlarının artması şəraitində ölkəmizin əmək bazarında qadınların da iştirak səviyyəsi artmaqda davam edir. 2003-cü ilə nisbətən respublikamızda məşğul əhali tərkibində qadınların sayı ötən dövrdə 23,2 faiz artaraq cari ilin əvvəlinə 2 348 400 nəfərə çatıb”.

S.Müslümov əlavə edib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sisteminin məlumatına əsasən, hətta bir sıra yaş qrupları üzrə qadınlarla bağlanan əmək müqavilələri kişilərlə bağlanan əmək müqavilələrinə nisbətən sayca üstünlük təşkil edir: “Buna misal olaraq, əmək müqavilələrinin 40-44 yaşlarında olan şəxslər üzrə 50,8 %-i, 45-49 yaşlarında olan şəxslər üzrə 54,4 %-i, 50-54 yaşlarında olan şəxslər üzrə isə 53,5 %-i qadınlarla bağlanıb”.