Azərbaycan və İran prezidentləri Dağlıq Qarabağ münaqişəsini müzakirə edib

Posted by

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan, İran və Rusiya dövlət başçılarının üçtərəfli Zirvə görüşündə iştirak etmək üçün noyabrın 1-də İran İslam Respublikasına işgüzar səfərə gedib.

Tehranda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin görüşü olub.

Görüşdə Azərbaycan və İran xalqları arasında tarixi, mədəni və dini köklərin mövcudluğunun əlaqələrimizin möhkəmlənməsində rolu qeyd edilib.

Son beş ildə dövlət başçıları arasında on görüşün keçirilməsi uğurlu əməkdaşlığımızın səviyyəsinin göstəricisi kimi qiymətləndirilib, siyasi əlaqələrin uğurla inkişaf etdiyi bildirilib.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub. Prezident İlham Əliyev Ermənistanın işğalçılıq siyasəti və münaqişənin həlli ilə bağlı danışıqlar prosesinin vəziyyəti barədə məlumat verib. Hərbi və hərbi-texniki sahədə əməkdaşlıq məsələləri və bu istiqamətdə perspektivlər müzakirə olunub, regional məsələlərə toxunulub, terrorizm və ekstremizmə qarşı mübarizə məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Qeyd edilib ki, Azərbaycan-Rusiya-İran üçtərəfli əməkdaşlığı böyük potensiala malikdir və bu format çox önəmli sahələrdə əməkdaşlıq üçün yaxşı nəticələr verə bilər.

Görüşdə iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunub, ticarət dövriyyəsinin keçən il 70 faiz, bu ilin 9 ayında isə 33 faiz artması yüksək qiymətləndirilib. Söhbət zamanı qarşılıqlı sərmayə qoyuluşu, energetika, neft-qaz, nəqliyyat sahələrində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsinin uğurla icra olunduğu vurğulanıb.

Report.az