Azərbaycan təhsili: reallıqlar, perspektivlər – Günay Cəfərli

Posted by

Böyüməkdə olan gənc nəslin təlim-tərbiyəsi, təhsili bütün dövrlərdə dövlətlərin, cəmiyyətin diqqət yetirdiyi başlıca məsələrdən biri olmuş və bu gün də belədir. Lakin bunlar zaman-zaman xalqın milli mentalitetindən, dövlət ideoloji-siyasi sistemindən, iqtisadi vəziyyətdən asılı olaraq dəyişmiş. Bir sözlə, hər xalq, hər ictimai quruluş öz tələblərinə uyğun şəxsiyyətlər formalaşdırmağa çalışmışdır. Bu tələblərin həyata keçirilməsində, dövlətin ideoloji-siyasi kursunun reallaşmasında, onun daşıcıyıları olan şəxsiyyətlərin formalaşmasında təhsil sistemi, təhsil müəssisələri qədər mühüm rol oynaya biləcək digər bir sosial institut təsəvvür etmək mümkün deyildir.
Azərbaycan Respublikası özünün keçid dövrünü yaşayır. Keçid dövrü yalnız bir iqtisadi, siyasi, ideoloji sistemdən digərinə keçid deyil, həm də pedaqoji-psixoloji problemlərdir. Yəni keçid dövrü şüurlarda, təfəkkürdə, düşüncə tərzində, dünyagörüşündə dəyişikliyin, yeni sistemin tələblərinə uyğun gələn şəxsiyyətlərin formalaşdırılması deməkdir.İnsan psixikasında yeniləşmənin baş verməsi isə mürəkkəb,çoxşaxəli amillərin təsirilə həyatə keçirilən prosesdir.Burada cəmiyyətdə gedən proseslər,xüsusilə təhsil sistemi həlledici təsirə malikdir.Bu isə sadə formada, qısa müdətdə həyata keçirilə bilməz.Birincisi,insanın təbiəti elədir ki, bir tərəfdən o daim axtarır, yeniləşməyə can atır, digər tərəfdən isə öyrəşdiyi, uyğunlaşdığı(hətta bəzən narazı qaldığı)mühitdən digərinə keçməyə çətinlik çəkir,ən azı, tərəddüd edir.
İkincisi, müəyənləşdirilməlidir ki, müstəqil Azərbaycan Respublikasının vətəndaşları hansı keyfiyyətlərin daşıyası olmalıdır. Üçüncüsü, Azərbaycan dövləti və xalqı inkişaf etmiş Qərb dövlətlərinə inteqrasiya kursu götürməlidir.Digər tərəfdən isə xalqımız tarixən, milli adət- ənənə, düşüncə tərzi baxımından şərqlə bağlıdır. Bunların vəhdəti, onlardan hər birinin öz yerinin dəqiq müəyyənləşdirilməsi zəruridir. Dördüncüsü, dünyada gedən ictimai- siyasi proseslər, qloballaşma, inteqrasiya kimi qaçılmaz prosesə necə, hansı formada daxil olmaq xüsusilə vacib məsələlərdəndir.Belə ki,qloballaşmadan kanarda qalmaq “milli özünüintihar”, qeyd-şərtsiz qloballaşmaya doğru can atmaq isə milli-mənəvi dəyərlərin, milli simanın itirilməsi təhlükəsilə üzləşmək deməkdir. Beşincisi, klassik ənənəvi didaktik sistem müasir tələblərə cavab vermir.
Deməli, yeni metodlar, yeni yanaşma üsulları tapılmalıdır. Ənənəvi təlim tərəflərdən birin-müəllimin monoloqu(müharizə,şərh və s.), subyektin obyektə münasibəti üzərində quruldusa, indi pedaqoji prosesdə monoloqa yox, dialoqa üstünlük verilməsini tələb edit. Altıncısı, sovet təhsil sistemi sovet ideologiyasına uyğun, onun tələblərinə cavab verən şəxsiyyətlər formalaşdırmağa çalışırdı və bu tələb birmənalı şəkildə yerinə yetirilirdi. Bazar iqsadiyatının, vətəndaş cəmiyyətinin tələbləri isə tamamı ilə başqadır. Bu sistem risk etməyi bacaran, cevik düşüncə tərzinə malik, rəqabətəqabil şəxsiyyətlərin formalaşdırılmasını tələb edir.Bu keyfiyətlərin daşıcıyıları olan insanlar yalnız ölkə daxlində deyil,həm də onun hüdudlarından kənarda rəqabət aparmalı, həm də qalib gəlməyi öyrənməlidirlər.Yeddinci, təhsil siyasətinin həyata keçirilməsi kadr hazırlığı ilə bağlıdır.Yəni kadrların özü təhsil siyasətinin məzmununu, mahiyətini dərk etməli,yeni pedaqoji təfəkkürün daşıyıcılar olmalı, bir sözlə, müasir tələblərə cavab verməlidirlər.Yalnızı bandan sonra onlar şagird və tələblərində lazım olan keyfiyyətləri formalaşdıra bilərlər.
Son dövrlər tez-tez hallandırılan “təhsildə Avropa meyarları” konsepsiyası, ilk növbədə, təhsildə inkişafa təkan verən, bütün avropalılar tərəfindən həyata keçirilən, uğur qazanan bir təcrübədir.Bu təcrübənin nüvəzində əməkdaşlıq pedaqogikası,fiziologiya, sosial və pedaqoji psixologiya, eləcə də digər elmlərin son nailiyyətləri durur.Belə təhsilin başlıca məqsədi və vəzifəsi təhsilin şəxsiyyət yönümlü olmasıdır.
Bir sözlə, Azərbaycanın təhsil sistemi Avropa təhsil sisteminə inteqrasiya olunmalı, təhsil standartlarına cavab verməlidir. Lakin bütün bunlar incəliklə, milli dəyərlərimizi nəzərə almaqla, ona hörmətlə yanaşmaqla elə həyata keçirilməlidir ki, bu nəhəng sistemə özünəməxsus,öz simamızı qorumaqla, öz milli xüsusiyyətlərimizi onlara təqdim etməklə, layiq olduğumuz yerə sahib çıxa bilməklə daxil olaq.

Günay Cəfərli,
“Gənc Jurnalistlər Mərkəzi”
İctimai Birliyinin sədri