Avropalı deputatlar Ağdam rayonunda olmuşlar

Posted by

Avropalı deputatlar Ağdam rayonunda olmuşlar

 

Avropalı deputatlar Ağdam rayonunda olmuşlar

Avropalı deputatlar Ağdam rayonunda olmuşlar

 

Azərbaycanda səfərdə olan İslandiya parlamentinin deputatı Ogmundur Yonasson və Finlandiyanın tanınmış ictimai-siyasi xadimi, Avropa Şurası Parlament Assambleyasının keçmiş deputatı Jaakko Laakso yanvarın 15-də Ağdam rayonuna gəlmişlər.

AzərTAc xəbər verir ki, əvvəlcə Ağdam Rayon İcra Hakimiyyətində olan qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində doğma yurd-yuvalarından didərgin düşmüş insanların və cəbhə xəttində yaşayan əhalinin həyat şəraiti ilə bağlı məlumat verilmişdir.

Bildirilmişdir ki, Ermənistan silahlı qüvvələri tərəfindən 1993-cü ildə Ağdam şəhəri və rayonun 82 kəndi işğal və talan edilərək dağıdılmışdır. Rayonun 180 min əhalisindən 145 mini məcburi köçkün kimi respublikamızın 62 rayonunda məskunlaşmışdır. Təcavüzkar Ermənistan dövləti BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə münaqişənin sülh yolu ilə həlli, ərazilərin azad edilməsi, qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması ilə bağlı 4 qətnaməsinə, həmçinin digər beynəlxalq təşkilatların münaqişə ilə bağlı qərarlarına məhəl qoymur.

Qeyd olunmuşdur ki, Azərbaycan dövləti öz imkanları hesabına qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirmişdir. Təkcə Ağdamda məcburi köçkünlər üçün 17 qəsəbə salınmışdır. Hazırda rayon ərazisində yaşayan 90 min əhalinin 50 min nəfəri məcburi köçkünlərdir. Məcburi köçkünlər üçün nə qədər yaxşı şərait yaradılsa da, onların ən böyük arzusu doğma yurd-yuvalarına qayıtmaqdır.

İslandiya parlamentinin deputatı Ogmundur Yonasson səmimi görüşə və ətraflı məlumata görə təşəkkür etmişdir.

Görüşdə qonaqların Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, məcburi köçkünlərin həyat şəraiti ilə bağlı sualları cavablandırılmışdır.

Ağdamın işğaldan əvvəlki və sonrakı görüntülərinin əks olunduğu “Qafqaz Xirosiması” filminə baxan və uşaq musiqi məktəbinin xor kollektivinin ifasını dinləyən avropalı deputatlar bu görüşdən razı qaldıqlarını bildirmişlər.

Qonaqlar 2010-cu ilin noyabrında Quzanlıda məcburi köçkünlərin istifadəsinə verilmiş 689 mənzilli qəsəbəyə gələrək 18 nömrəli məktəbdə olmuş, məcburi köçkün, müharibə əlili Fəxrəddin Rəhimovun mənzilinə baş çəkmişlər.

Daha sonra Ağdam rayonunun cəbhə xəttində yerləşən Çıraqlı kəndinə gələn qonaqlara burada yaşayan əhalinin həyat şəraiti barədə məlumat verilmişdir. Bildirilmişdir ki, Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs tez-tez pozulur, mülki əhali, evlər, mal-qara atəşə tutulur.

İslandiya parlamentinin deputatı Ogmundur Yonasson jurnalistlərə müsahibəsində demişdir ki, səfərin məqsədi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, məcburi köçkünlərin problemləri haqqında daha ətraflı məlumata malik olmaqdır. Münaqişənin həlli ilə bağlı ATƏT-in Minsk qrupunun tələb olunan səviyyədə fəaliyyət göstərməməsindən təəssüfləndiyini deyən qonaq bildirmişdir ki, beynəlxalq ictimaiyyət bu sahəyə daha çox diqqət ayırmalıdır.