Avropa Şurasının Korrupsiyaya qarşı Mübarizə Aparan Dövlətlər Qrupu ilə əməkdaşlıq uğurla davam etdirilir
Cari il iyunun 16-17-də Strasburqda Avropa Şurasının Korrupsiyaya qarşı Mübarizə Aparan Dövlətlər Qrupunun (GRECO) 64-cü plenar iclası keçirilmişdir.
Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə ölkəmizi Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi, Azərbaycanın GRECO-dakı nümayəndə heyətinin üzvü Kamran Əliyev təmsil etmişdir.
GRECO-ya üzv ölkələrin nümayəndə heyətlərinin və beynəlxalq təşkilatların əməkdaşlarının iştirak etdiyi tədbirdə çıxış edən K.Əliyev Azərbaycan Respublikasının Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi ilə əlaqədar cari ilin 30 iyun – 1 iyul tarixlərində Bakı şəhərində Azərbaycan Hökumətinin Avropa Şurası ilə birlikdə GRECO və Beynəlxalq Antikorrupsiya Akademiyasının (IACA) iştirakçılığı ilə Avropa Şurasına üzv ölkələrin Baş prokurorlarının, Ədliyyə nazirlərinin və müstəqil antikorrupsiya qurumlarının rəhbərlərinin iştirakı ilə “Korrupsiyaya qarşı mübarizə: beynəlxalq standartlar və milli təcrübələr” mövzusunda keçiriləcək yüksək səviyyəli beynəlxalq konfransa dair, habelə həmin tədbirdə müzakirə olunacaq mövzular, iştirak edəcək qonaqlar və digər təşkilati məsələlər barədə ətraflı məlumat vermiş, iştirakçıların suallarını cavablandırmışdır.
Plenar iclasda çıxış edənlər Azərbaycanda keçiriləcək beynəlxalq konfransın zəruri tələblər səviyyəsində təşkil olunacağına əminlik ifadə etməklə tədbirdə Avropa Şurasına üzv ölkələrin Baş prokurorlarının, Ədliyyə nazirlərinin və müstəqil anti-korrupsiya qurumlarının rəhbərlərinin, habelə nüfuzlu beynəlxalq təşkilatların rəhbər şəxslərinin iştirak etmələrini məmnunluqla qarşıladılar.
Trend.az