Avropa Şurasının baş katibi Bakıya gəlir
Avropa Şurasının baş katibi Torbörn Yaqland oktyabrda Azərbaycanda səfərdə olacaq.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, T.Yaqland 28-30 oktyabrda Bakıda ilk dəfə keçiriləcək Gənclər siyasəti üzrə I Qlobal Forumda iştirak edəcək.
Avropa Şurası, YUNESKO, BMT-nin Inkişaf Proqramı, BMT-nin Gənclər siyasəti üzrə qurumu və Azərbaycan hökumətinin birgə həyata keçirdiyi foruma 700-dən artıq iştirakçının gələcəyi gözlənilir.
Forumda 200 gənc elan əsasında seçilənlərdir ki, bu günə qədər bu yerlər üçün 174 ölkədən 4705 müraciət daxil olub. 200 iştirakçı nazirlər, nazir müavinləri və dövlət nümayəndələridir. Digər 200 iştirakçı isə QHT nümayəndələri olacaq. Forumda 100 ekspertin də iştirakı nəzərdə tutulub.
Layihənin əsas məqsədi gənclər siyasəti üzrə yeni istiqamətlərin işlənilməsi, növbəti illər üçün yeni addımların atılması, gənclər siyasəti üzrə müxtəlif ölkələrlə təcrübə mübadiləsinin aparılması və bu istiqamətdə əhəmiyyət kəsb edən digər mövzulardır. Forumda eyni zamanda, gənclər siyasəti üzrə yeni prinsipləri müəyyən edən sənədin də hazırlanması nəzərdə tutulur.
Bunula yanaşı, Forum çərçəvisində regional görüşlərin keçirilməsi, təcrübə mübadiləsinin aparılması əsas istiqamətlərdən biri olacaq.
Qeyd edək ki, Bakıda ilk dəfə olaraq gerçəkləşəcək Gənclər siyasəti üzrə I Qlobal Forumla bağlı markanın dizaynı işlənib hazırlanıb və qısa müddətdə çapı nəzərdə tutulub.
Trend/az