Avropa Şurası internet və insan hüquqları məsələsini diqqətdə saxlayır

Posted by

Avropa Şurası internet və insan hüquqları məsələsini diqqətdə saxlayır

Avropa Şurası internet və insan hüquqları məsələsini diqqətdə saxlayır

Avropa Şurası internet və insan hüquqları məsələsini diqqətdə saxlayır

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Hüquqi İşlər və İnsan Haqları Komitəsinin bu təşkilatın Paris qərargahında keçirilən növbəti iclası yenə həm qitə, həm də bütövlükdə dünya üçün aktual əhəmiyyət kəsb edən bir sıra məsələlərin müfəssəl müzakirələri ilə yadda qalmışdır. Əsas mövzulardan biri “Avropada insan hüquqları və Avropa qurumları” olmuşdur. Dəvət edilmiş ekspertlərin iştirakı ilə bu problem ətrafında geniş fikir mübadiləsi aparılmışdır. Avropada mütəşəkkil cinayətkarlığa və terrorizmə qarşı mübarizə, təriqətçiliyin zərərli təsirlərinin qarşısının alınması yolları, üzv ölkələrdə baş verən sifarişli qətllər də təfərrüatlı şəkildə təhlil edilmişdir.

Komitə iclasında iştirak edən, Azərbaycanın AŞPA-dakı daimi nümayəndə heyətinin üzvü Rafael Hüseynov AzərTAc-a müsahibəsində bildirmişdir ki, Ukraynadakı vəziyyət də iclasın gündəliyinə əlavə mövzu kimi daxil edilmiş və bu mövzuda da diskussiya aparılmışdır: “Əvvəlcədən nəzərdə tutulmuşdu ki, Mədəniyyət, elm, təhsil və media Komitəsinin AŞPA-nın yaz sessiyası öncəsi son iclası marın 11-də Moskvada keçirilsin. Lakin həmin komitənin sədri Ana Qutu Ukraynadakı böhranla əlaqədar Avropa Şurası rəhbərliyinə müraciət etmiş və Parlament Assambleyası qərara almışdır ki, toplantının indiki vəziyyətdə Parisdə keçirilməsi daha məqsədəuyğundur. Bu haqda Hüquqi İşlər və İnsan Haqları Komitəsində rəsmən məlumat verildikdən sonra bir daha vurğulanmışdır ki, Avropa Şurasının üzv ölkələrdəki ayrı-ayrı tədbirləri və komitə iclasları yalnız o zaman baş tutur ki, həmin ölkələrlə Parlament Assambleyasının münasibətləri bütün istiqamətlərdə problemsiz olsun. Yeri gəlmişkən bunu da xatırlatmaq lazımdır ki, Avropa Şurası ilə əməkdaşlığı qarşılıqlı etimad və səmərəli iş birliyi əsasında quran Azərbaycan may ayından etibarən bu təşkilatın Nazirlər Komitəsinə sədrlik etməyə başlayacaqdır. AŞPA Daimi Komitəsinin yaz sessiyasından sonra, mayın 23-də Bakıda təşkil ediləcək iclası da inkişaf edən əlaqələrin əyani sübutu olacaqdır”.

Komitə iclasında müzakirəyə çıxarılan mövzulardan biri də finlandiyalı deputat J.Felkonenin Mədəniyyət, elm, təhsil və media Komitəsi xətti ilə hazırladığı, Hüquqi işlər və insan haqları Komitəsindən isə ispaniyalı deputat J.Xuklanın rəy təqdim etdiyi “İnternetə qoşulma hüququ” olmuşdur. Deputat Rafael Hüseynov bildirmişdir ki, mövzunun iki fərqli komitənin təqdimatında növbəti sessiyanın gündəliyinə daxil edilməsi çox məntiqlidir. Çünki getdikcə həyata daha çox nüfuz edən internet bir tərəfdən mədəniyyət, elm hadisəsidirsə, digər tərəfdən insan hüquqlarının geniş şəbəkəsini əhatə edən problemdir. Məsələnin ciddiliyini ən azı bu göstərici də sübut etməkdədir ki, AŞPA-nın son bir neçə ildəki hər sessiyasında internet və onun hüquqi aspektləri ilə əlaqədar məruzələr yer alır. İnternetə maneəsiz qoşulma hər insanın fundamental hüquqlarından sayılan ifadə və informasiya azadlığının tərkib hissəsi olmaqla yanaşı, internetdə insanın şəxsi həyatının, təhlükəsizliyinin qorunması da eyni dərəcədə vacibdir. Hələ ki, həm o, həm də bu aspektdə islah edilməli xeyli məqamlar vardır, mövcud nizamlayıcı konvensiyaların daha artıq işləkliyinə nail olmaq zərurəti duyulur və demək, bu məruzə də heç vəchlə Avropa Şurasının problemin optimal həllinə müvəffəq olmaq üçün atdığı addımların sonuncusu deyil, yalnız növbətilərindən biridir.

 

AzərTac.az