Avropa Parlamentinin Cənubi Qafqaz üzrə nümayəndə heyətinin toplantısı keçirilib
Avropa Parlamentinin Cənubi Qafqaz üzrə nümayəndə heyətinin Avropa İttifaqı – Azərbaycan əlaqələrinin müzakirəsinə həsr olunmuş iclası keçirilib.
Azərbaycanın Belçikadakı səfirliyindən APA-ya verilən məlumata görə, iclasda Azərbaycanın Avropa İttifaqı yanındakı missiyasının rəhbəri Fuad İsgəndərov və Milli Məclisinin üzvü Asim Mollazadə çıxış ediblər.
İclasa sədrlik edən britaniyalı deputat Səccad Kərim qanlı 20 yanvar faciəsi ilə bağlı Azərbaycan xalqına başsağlığı verib və belə bir gündə Avropa parlamentariləri qarşısında Avropa İttifaqı – Azərbaycan əlaqələrinin müzakirəsinə dair iclasda iştirak etdiyi üçün Azərbaycan səfirinə öz təşəkkürünü bildirib.
Səfir F. İsgəndərov isə başsağlığa görə minnətdarlığını bildirib və 20 yanvar faciəsindən ötən 25 il ərzində Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsinin ölkəmizin qarşısında duran əsas vəzifələrdən biri olduğunu vurğulayıb. Sonra səfir Avropa İttifaqı və Azərbaycan arasında əməkdaşlığın son illər ərzində inkişafı, əldə olunmuş nailiyyətlər, münasibətlərdə diqqət cəlb edən çatışmazlıqlar və bu münasibətlərdən Azərbaycan tərəfinin gözləntiləri ilə bağlı məruzə ilə çıxış edib.
Millət vəkili A. Mollazadə isə Azərbaycan və Şərq Tərəfdaşlığı ölkələrində mövcud olan münaqişələr, region ölkələrinin üzləşdiyi qaçqın problemini dilə gətirib, Avropa İttifaqını münaqişələrin və onlardan irəli gələn problemlərin həllində daha fəal olmağa çağırıb. Deputat Azərbaycanın həm nəqliyyat qovşağı, həm də enerji sahəsində mühüm tərəfdaş kimi Avropa İttifaqı üçün əhəmiyyətinin günbəgün artdığına diqqət çəkib.
İclas Avropa Parlamentinin üzvləri tərəfindən böyük maraqla qarşılanıb. Bəzi deputatlar Avropa İttifaqı – Azərbaycan əlaqələrinə dair Azərbaycan tərəfinin tutduğu mövqeni dəstəkləyən çıxışlar ediblər. Tədbirdə Azərbaycanın Avropa İttifaqının strateji tərəfdaşı olduğu vurğulanıb.
Apa.az