Avropa Azərbaycan Cəmiyyəti Böyük Britaniya Parlamentində enerji təhlükəsizliyi mövzusunda debat təşkil edib

Posted by

Avropa Azərbaycan Cəmiyyəti Böyük Britaniya Parlamentində enerji təhlükəsizliyi mövzusunda debat təşkil edibAvropa Azərbaycan Cəmiyyəti Böyük Britaniya Parlamentində enerji təhlükəsizliyi mövzusunda debat təşkil edib

Avropa Azərbaycan Cəmiyyəti Böyük Britaniya Parlamentində enerji təhlükəsizliyi mövzusunda debat təşkil edib

Böyük Britaniya Parlamentində Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) təşəbbüsü ilə “Böyük Britaniyanın enerji təchizatının gələcəyi və təhlükəsizliyinin təmin edilməsi” mövzusunda debat təşkil edilib.

 

TEAS-dan APA-ya verilən xəbərə görə, debat mühüm iqtisadi proseslərin cərəyan etdiyi bir məqamda baş tutub. Belə ki, ötən il Azərbaycan hökuməti və BP şirkəti tərəfindən idarə olunan “Şah Dəniz” Konsorsiumu arasında 45 milyard ABŞ dolları həcmində Yekun Sərmayə Qərarı (YSQ) imzalanıb. Bu yaxınlarda Bakıda “Cənub” Qaz Dəhlizinin təməlqoylma mərasimi keçirilib. Trans-Adriatik Boru Xətti (TAP) və Trans-Anadolu Təbii Qaz Boru Xəttindən (TANAP) ibarət olan bu layihələr nəticəsində Xəzər dənizi və Orta Asiyadan hər il 30 milyard kubmetr həcmində qaz Rusiyadan yan keçərək İtaliyada yerləşən birləşdiriciyə yönəldilərək Avropanın enerji təhlükəsizliyini təmin edəcək. Bu layihəni Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozu “XXI əsr üçün həqiqi geostrateji əhəmiyyəti olan bir strateji enerji yolu” kimi dəyərləndirib.

 

Debatı aparan parlament üzvü Devid Hamilton hazırkı böhranın tarixçəsini belə izah edib: “Ən böyük məsələ təchizatın təhlükəsizliyidir. Artıq məlumdur ki, Böyük Britaniyada enerji təchizatında potensial fasilələr ola bilər. Yenilənən enerji texnologiyalarının rolu artır, lakin insanlar bu sistemlərin inşa edilməsini gözləyə bilməz. 1985-ci ildən bəri Böyük Britaniyada enerjinin verilməsində mütəmadi kəsilmələr olmamışdır və ölkə siyasətçiləri bu cür halların yol verilməməsinə diqqət yetirirlər. Bu ilin əvvəlində Azərbaycana səfərim zamanı mən BP şirkəti tərəfindən idarə olunan “Şahdəniz” Konsorsiumunun öz terminallarını necə inkişaf etdirdiyini və qazı Böyük Britaniya gətirmək üçün Cənub Dəhlizini necə inşa etdiyi ilə maraqlandım. Böyük Britaniya ictimaiyyəti təchizatın davam edəcəyini gözləyir və bunun təmin edilməsi hökumətin vəzifəsidir”.

 

TEAS-ın Böyük Britaniyadakı ofisinin İctimaiyyətlə Əlaqələr üzrə meneceri Cek Pegoraro deyib ki, əvvəllər Böyük Britaniya qaza olan tələbatını özü hasil edib: “Şimal dənizində neft və qaz hasilatı son üç il ərzində 30 faiz azalıb və Britaniya 2020-ci ilə qədər öz ehtiyaclarının 70 faizini ödəmək üçün idxala arxalanacaq. Avropa İttifaqının enerji təhlükəsizliyi bizə təsirini göstərir. Belə ki, qiymətdə baş verən hər bir artım bütün Avropada qiymətlərin artmasına səbəb olur. Yay vaxtı Britaniyanın bir çox nüvə enerji stansiyaları təmir işləri ilə əlaqədar bağlanmışdır və kömürlə işləyən bütün elektrik stansiyaları növbəti dörd il ərzində istismardan çıxarılacaq. Bu ilin əvvəlində qaz ilə işləyən “Didcot B” Eektrik Stansiyasında yanğın baş verib. Bu qış enerji kəsilmələri həqiqətən mümkün ola bilər. Ukraynada olan vəziyyət və Liviyada gedən vətəndaş müharibəsi də göstərdi ki, Aİ-nin enerji ehtiyaclarını təmin etmək üçün mənbələrin müxtəlifliyi tələb olunur. Bir enerji təchizatçısı kimi Azərbaycanın əhəmiyyətini qəbul etmək vacibdir. Bu yeganə ölkədir ki, Rusiyadan yan keçən Cənubi Qafqaz boru kəmərindən istifadə edərək hazırda Avropa İttifaqını təbii qazla təchiz edir. “Cənub” Dəhlizinin inşası Azərbaycanın əhəmiyyətini daha da artıracaq”.

 

Böyük Britaniya Parlamentinin üzvü, icmalar və yerli hökumət üzrə nazir Endi Souford qeyd edib ki, dünya təchizatçılarının inhisarçılığına qarşı durmaq məcburiyyətindədirlər: “Bunun üçün böyük siyasi qərarlar verilməli və enerji təchizatında uzunmüddətli təhlükəsizliyi təmin etmək üçün bizə böyük cəsarət lazımdır. Bu yaxınlarda Ukraynaya etdiyim səfər göstərdi ki, bu çətinliklərin öhdəsindən gəlmək ona görə lazımdır ki, Avropa Birliyinin enerji təchizatı və təhlükəsizliyi risk altındadır. Azərbaycanda baş verənlər barədə eşitmək çox xoşdur. “Cənub” Dəhlizinin təməlinin qoyulması göstərir ki, yeni enerji mənbəyi tezliklə işə düşəcəkdir. Enerji müxtəlifliyi zəruridir və biz Aİ-nin enerji bazarının fəaliyyət göstərdiyi vasitələri dəyişməliyik”.

 

Britaniya Parlamentinin Enerji və İqlim Dəyişikliyi üzrə Komitəsinin üzvü Qraham Stringer bildirib ki, yenilənən enerji mənbələrinə keçid böyük həcmdə zaman və səy tələb edir: “Elm və texnologiya baxımından zəruri olan sahələrin bir çoxu hələ inkişaf etdirilməyib”.

 

Aberavondan Britaniya Parlamentinə namizəd Stefen Kinnokun fikrincə, Rusiyaya həddindən artıq arxalanmaq göstərdi ki, bütün Avropada inteqrasiya olunmuş enerji siyasətinə və enerji bazarına ehtiyac var: “Bir sıra təchizatçılarla danışıqlar aparmağa və enerji təhlükəsizliyinə nail olmaq üçün bizim imkanlarımızı daha da artıracaq. Bütün Avropada şist qazı təchizatında təhlükəsizlik məsələləri müzakirə olunur. Belə ki, biz şərti qaz təchizatına və enerji təhlükəsizliyinin daha geniş mənada öz təhlükəsizliyimizə necə təsir etməsinə diqqət yetirməkdə davam edirik. Azərbaycan bunu başqa ölkələrdən daha yaxşı bilir”.

 

 

Apa.az