AVCİYA Azərbaycanda keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı gördüyü hazırlıq işlərinə dair məlumat verib

Posted by

Oktyabrın 3-də Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) ölkəmizdə keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı hazırlıq işlərinə dair tədbir təşkil edib.

AZƏRTAC xəbər verir ki, tədbirdə AVCİYA-nın vitse-prezidenti Dəyanət Musayev Assosiasiyanın fəaliyyəti barədə məlumat verib. Bildirib ki, AVCİYA-nın nümayəndələri müxtəlif missiyaların tərkibində Bolqarıstan, Gürcüstan, Belarus, Moldovada keçirilən seçkiləri izləyiblər. AVCİYA sıralarında 36 ölkənin nümayəndələrini birləşdirən Seçki Müşahidəçilərinin Dünya Şəbəkəsi üzvüdür.

AVCİYA-nın seçki qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı qeyd edib ki, qərargah 2019-cu ilin dekabrında keçirilməsi nəzərdə tutulan bələdiyyə seçkiləri ilə əlaqədar müvafiq işləri özünün fəaliyyət proqramı əsasında təşkil edir. Assosiasiya bələdiyyə seçkiləri ilə bağlı fəaliyyət proqramına uyğun olaraq, ilkin mərhələdə bələdiyyələrə aid beynəlxalq təcrübənin öyrənilməsi, bələdiyyə seçkilərinə dair qanunvericilik bankının yaradılması, Seçki Məcəlləsinə dəyişikliklərlə bağlı tövsiyələrin hazırlanması, seçkiqabağı vəziyyətin monitorinqinin təşkili işlərini həyata keçirməyi planlaşdırır. Qərargahın fəaliyyətinə, həmçinin broşür və bülletenlərin hazırlanması, regionlarda seçici fəallığının artırılması üçün maarifçilik işlərinin, seçki prosesi ilə məşğul olan beynəlxalq təşkilatlarla əlaqələrin yaradılması və əməkdaşlığın təşkili, seçkilərin monitorinqi ilə məşğul olan digər ölkələrin QHT-ləri ilə əməkdaşlığın genişləndirilməsi və görülmüş işlərə dair KİV-ə mütəmadi məlumatlar vermək də daxildir.

M.Zülfüqarlı əlavə edib ki, AVCİYA seçki qərargahı bələdiyyə seçkiləri ilə əlaqədar özünün fəaliyyət proqramı əsasında işlərini təşkil edir. Bu işlərdən biri bələdiyyələrlə bağlı yerli və beynəlxalq təcrübə sahəsində maarifçilik işinin təşkilidir.

Bildirilib ki, AVCİYA Azərbaycanda 2004-cü ildən başlayaraq hazırkı dövrə qədər keçirilmiş bütün seçkilərin monitorinqini təşkil edib. AVCİYA seçkilərin şəffaf keçirilməsinə yardım etmək məqsədilə 2004–cü ildən bu günə kimi bir sira metodik vəsait və 16 kitabça nəşr etdirib. Assosiasiyanın hazırladığı sənədlər, hesabatlar və kitabların elektron variantları www.avciya.az saytında yerləşdirilib.