ATƏT Parlament Assambleyasının Bakıda keçirilən sessiyasında ermənistanlı deputatın əsassız iddilarına tutarlı cavab verilmişdir
ATƏT Parlament Assambleyasının Bakıda keçirilən iyirmi üçüncü illik sessiyası çərçivəsində qurumun siyasi məsələlər və təhlükəsizlik üzrə ümumi komitəsinin iclasında ermənistanlı deputat Artaşes Qeqamyan Dağlıq Qarabağın “müstəqil dövlət” və İrəvanın Ermənistanın “tarixi torpağı” olması ilə bağlı əsassız iddialarla çıxış etmişdir.
AzərTAc xəbər verir ki, Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, Milli Məclis sədrinin müavini Bahar Muradova erməni deputatın bu əsassız iddilarına tutarlı cavab vermişdir.
Bahar Muradova bildirmişdir ki, 20 ildən artıqdır davam edən Dağlıq Qarabağ problemi məhz bu regionda qeyri-qanuni keçirilən “referendum” və bir neçə dəfə qeyri-qanuni keçirilən “parlament” və “prezident” seçkiləri nəticəsində mövcuddur. Erməni deputat buradakı çıxışında Dağlıq Qarabağı özünü ifadə etmiş “dövlət” kimi qələmə verməyə çalışır, hətta gülməli bir ifadə işlədərək onun demokratikliyini iddia edir. Dağlıq Qarabağa səfər edən həmkarlarımız bu regionun hansı vəziyyətdə olduğunu və orada çox kasıb, bütün imkanlardan məhrum insanların acınacaqlı şəraitdə yaşadıqlarını görür. “Dağlıq Qarabağ xalqı” deyilən bir məhfum yoxdur. Orada yalnız etnik ermənilər yaşayır. Biz onların bugünkü durumununa görə narahatlıq hissi keçiririk, çünki bu insanlar “böyük Ermənistan” ideyasının girovuna çevrilmişlər. Ermənistan tərəfi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri, xüsusilə Prezident İlham Əliyevin Avropa Şurası Parlament Assambleyasının tribunasından, eləcə də ATƏT Parlament Assambleyasının plenar iclasının açılışında söylədiyi həqiqətləri eşitmək istəmir. Lakin həqiqət qəbul edilməlidir.
Milli Məclis sədrinin müavini İrəvanın tarixi Azərbaycan torpağı olduğunu xüsusi vurğulayaraq demişdir “Mən bir daha təkrarlayıram ki, 1918-ci ildə müsəlman Şərqində yaradılan ilk demokratik respublika – Azərbaycan Xalq Cümhuriyyətinin ilk dekreti qonşu dövlətlərin göstərdikləri təzyiqlər nəticəsində İrəvanın ermənilərə bağışlanması olmuşdur. Azərbaycan ərazisində ikinci Ermənistan dövlətinin yaranmasına heç vaxt imkan verilməyəcəkdir. Bunu hər kəs bilməlidir”.
AzərTac.az