ATƏT PA-nın büdcəsi qəbul edilib
Bu gün ATƏT Parlament Assambleyası (PA) Daimi Komitəsinin Bakıda keçirilən iclasında qurumun büdcəsi ilə bağlı müzakirələr aparılıb.
APA-nın məlumatına görə, ATƏT PA üzvü Roberto Battelli büdcənin 1,1% artırılmasını təklif edib.
Onun sözlərinə görə, bunun 25 min avrosu seçki müşahidəsi, 9 min avrosu isə inzibati xərclər üçündür. O, ayrılan büdcənin azlıq təşkil etdiyini qeyd edib.
ATƏT PA-nın prezidenti Ranko Krivokapiç büdcənin artırılmasına diqqət yetirəcəklərini söyləyib.
Parlamentarların bəziləri ölkələr arasında üzvlük haqqı məsələsində qeyri-bərabərlik olduğunu vurğulayıb. Fransa nümayəndə heyətinin üzvləri Fransa kimi bəzi ölkələrin 200 min avro, başqa ölkələrin isə hətta 1000 avro üzvlük haqq ödədiyini nəzərə çatdırıblar.
Üzvlük haqlarının hökumətlər tərəfindən müəyyənləşdiyini deyən R.Battelli ATƏT PA-ya bununla bağlı yalnız tövsiyələr verilə biləcəyini açıqlayıb: “Ancaq mən bu məsələ ilə bağlı konsensus əldə olunacağına inanmıram”.
İclasda ATƏT PA-nın yaxın 1 il (2014 sentyabr-2015 sentyabr) üçün nəzərdə tutulan büdcəsi qəbul edilib.
Apa.az