“ASAN xidmət” Şabran, Xaçmaz, Şəmkir və Tovuz sakinləri üçün səyyar xidmət təşkil edir
22 avqust- 5 sentyabr tarixlərində Səyyar ASAN xidmət Şabran rayonunda Şabran və Xaçmaz, Şəmkir rayonunda isə Şəmkir və Tovuz sakinlərinə səyyar formada xidmət göstərəcək.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) İnformasiya təminatı şöbəsindən Trend-ə bildiriblər ki, Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.
Bu xidmətlərə aşağıdakılar daxildir:
– Notariat fəaliyyəti;
– Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı;
– Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;
– Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;
– Sürücülük vəsiqələrinin dəyişdirilməsi;
– Əmək pensiyalarının təyin edilməsi;
– Mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;
– Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi;
– Fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi.
Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin ediməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.
Trend.az