“Asan İmza” mobil elektron imza xidməti üçün qiymətlər bir ay müddətinə endirilib (ƏLAVƏ OLUNUB)

Posted by

"Asan İmza" mobil elektron imza xidməti üçün qiymətlər bir ay müddətinə endirilib (ƏLAVƏ OLUNUB)

“Asan İmza” mobil elektron imza xidməti üçün qiymətlər bir ay müddətinə endirilib (ƏLAVƏ OLUNUB)

"Asan İmza" mobil elektron imza xidməti üçün qiymətlər bir ay müddətinə endirilib (ƏLAVƏ OLUNUB)

2014-cü ilin may ayından “Asan İmza” mobil elektron imza xidməti üçün tariflərin endirilməsi ilə bağlı yeni kampaniya başlamışdır.

Vergilər Nazirliyindən Trend-ə verilən məlumata görə, elektron xidmətlərdə sadə və təhlükəsiz mobil autentifikasiya və mobil elektron imza olan “Asan İmza”nın kütləvi istifadəsinin stimullaşdırılması məqsədilə Vergilər Nazirliyinin təşəbbüsü ilə Azərbaycanın bütün mobil operatorları tərəfindən “Asan İmza” mobil elektron imza xidməti üçün qiymətlərin endirilməsi kampaniyasına start verilib. Kampaniya 16 may 2014-cü il tarixdən etibarən başlayır.

Artıq fiziki və hüquqi şəxslər, eləcə də dövlət qulluqçuları “Asan İmza” mobil elektron imza xidmətini Azərbaycanın hər üç mobil operatorunun nümayəndəliklərindən vahid qiymətə – 18 AZN-ə (ƏDV daxil) əldə edə və 3 il müddətində ondan yararlana bilərlər. “Asan İmza” mobil elektron imza xidmətinin əldə edilməsi ilə bağlı endirimlər fiziki şəxslər üçün 40%, hüquqi şəxslər üçün 90% və dövlət qulluqçuları üçün 80%-ə qədər təşkil edir.

Hüquqi şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, eləcə də dövlət qulluqçuları üçün “Asan İmza” mobil elektron imza üçün sertifikat ödənişsiz əsaslarla təqdim edilir. Bundan əlavə, “Asan İmza” mobil elektron imza istifadəçisi bir neçə hüquqi şəxsi təmsil etdikdə, bütün hüquqi şəxslər üçün bir “Asan İmza” SIM kartına sahib olması kifayət edir.

“Asan İmza” mobil elektron imza Azərbaycanda mövcud qanunvericiliyin bütün tələblərinə tam uyğun gələn yeganə mobil elektron imzadır. Hazırda “Asan İmza” mobil elektron imza istifadəçiləri üçün Elektron Hökumət portalında – www.e-gov.az (320-yə yaxın xidmət), Azərbaycan Respublikasının Vergilər Nazirliyinin elektron xidmətlər portalında – www.e-taxes.gov.az (50-yə yaxın xidmət), Hesab.az internet-ödəniş portalında və digər elektron xidmət portallarında çoxsaylı xidmətlər mövcuddur.

Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən təqdim olunan fiziki şəxslərin “Asan İmza” vasitəsilə cəmi 5 dəqiqə ərzində fərdi sahibkar kimi onlayn qeydiyyatı xidməti istifadəçilər arasında xüsusi populyarlıq qazanmışdır.

Cari ilin iyun ayından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemində “Asan İmza”nın tətbiqinə başladığından, yeni istifadəçilərə yeni tariflərlə “Asan İmza” mobil elektron imzanı əldə etmələri üçün tələsmək məsləhət görülür. Əmək müqavilələrinin elektron sisteminin tətbiqi qaydaları qanunsuz məşğulluqla mübarizə çərçivəsində Azərbaycan Respublikasının Vergilər Nazirliyi ilə birlikdə işlənib hazırlanmışdır. Əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin elektron qaydada qeydiyyata alınması məqsədi ilə “Asan İmza” vasitəsilə bütün hüquqi şəxslər, o cümlədən fərdi sahibkarlar ƏƏSMN-nin vahid elektron bazasına əmək müqaviləsi bildirişini daxil edəcəklər. Əmək müqavilələrinin vahid elektron bazasının tətbiqi nəticəsində işçilər üçün iş yeri və əmək haqqı ilə bağlı arayışların alınması asanlaşacaqdır. Arayışda faktiki əmək haqqı ilə bağlı informasiya əks olunacaqdır ki, bu da onlayn kreditlərin verilişi prosedurunu əhəmiyyətli dərəcədə sadələşdirmiş olacaqdır.

“Asan İmza” mobil elektron imzanın bütün istifadəçiləri üçün həm dövlət, həm də özəl sektorda yeni xidmətlər təqdim ediləcəkdir.

“Asan İmza” mobil elektron imzanın Azərbaycanın aparıcı banklarının internet və mobil bankçılıq sisteminə inteqrasiyası ilə bağlı işlər yekunlaşmaq üzrədir. “Asan İmza” mobil elektron imza istifadəçiləri birbaşa olaraq, mobil telefondan bütün bank əməliyyatlarını (öz maliyyə vəsaitləri ilə bağlı qısa məlumatı almaq, hesab qalığını öyrənmək, istənilən bank müqavilələrini bağlamaq, bank kartının limitini müəyyənləşdirmək, kredit və lizinqlə bağlı ərizə vermək, sığortanı və b. rəsmiləşdirmə əməliyyatlarını) asan, sadə və təhlükəsiz şəkildə, istənilən yerdə həyata keçirə biləcəklər.

“Asan İmza” mobil elektron imza – telefonu rəqəmsal şəxsiyyət vəsiqəsi vasitəsi kimi istifadə etməyə imkan verən texnologiyadır.

“Asan İmza” mobil elektron imza texnologiyasının əsas üstünlükləri smart kartın oxunması və proqram təminatı üçün əlavə qurğuların istifadəsinə ehtiyacın olmamasıdır. Xidmətin istifadəsi üçün autentifikasiya və elektron imzanın rəqəmsal açarlarının saxlanıldığı SIM karta əsaslanan mobil telefonun mövcudluğu kifayətdir.

Dövlət və yerli özünüidarəetmə orqanları əməkdaşlarına, hüquqi və fiziki şəxslərə “Asan İmza” mobil elektron imza üçün təkmil sertifikatlar Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən akkreditə edilmiş Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM) tərəfindən təqdim edilir.

 

Trend.az