“ASAN ödəniş” portalı istifadəyə verilib
“ASAN ödəniş” sisteminin www.asanpay.az elektron portalı pilot layihə çərçivəsində istifadəyə verilib. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən APA-ya verilən xəbərə görə, vətəndaşlar inzibati cərimələr və məhkəmə qərarları üzrə ödənişləri “ASAN ödəniş” portalından bank kartı vasitəsilə həyata keçirə bilərlər. İlkin mərhələdə yalnız yol hərəkəti qaydalarının pozulmasına görə cərimələrin ödənişi mümkündür.
Vətəndaşlar ödənişləri “ASAN ödəniş” portalında qeydiyyatdan keçməklə və ya qeydiyyatdan keçmədən rahat yerinə yetirə bilərlər. “ASAN ödəniş” portalının istifadə təlimatı ilə bağlı https://www.asanpay.az/asanpay/instructions linkinə daxil olaraq ətraflı məlumat əldə etmək mümkündür. Ssistemin funksionallığı haqda suallar yarandıqda 108 Çağrı Mərkəzinə zəng etmək olar.
Bundan başqa, pilot layihə çərçivəsində 1 saylı Bakı “ASAN Xidmət” mərkəzində (Akademik Həsən Əliyev küçəsi, 36) quraşdırılan “ASAN ödəniş” terminallarında nağd və ya bank kartı ilə ödənişləri yerinə yetirmək olar. Bu terminalların gələcəkdə bütün mərkəzlərdə və əhalinin kütləvi toplaşdığı yerlərdə quraşdırılması nəzərdə tutulub. “ASAN ödəniş” terminallarıNIN digərlərindən fərqi ondan ibarətdir ki, terminallar özündə həm nağd pulun, həm qəpiklərin qəbulunu və qaytarılmasını nəzərdə tutur.
Apa.az