ARDNF: Rusiyaya tətbiq olunan sanksiyalar fondun investisiya portfelinə ciddi təsir etmir
ABŞ və Avropa Birliyinin Rusiyaya tətbiq etdiyi maliyyə sanksiyaları Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) qonşu ölkədəki investisiya portfelinin gəlirliliyinə ciddi təsir etmir.
Fonddan “APA–Economics”in sorğusuna cavab olaraq bildirilib ki, ARDNF suveren fond kimi beynəlxalq maliyyə bazarlarında həyata keçirdiyi investisiyaların qiymətləndirilməsində daim onların uzunmüddətli perspektivini əsas götürməkdədir: “Yəni, hər hansı bir yeni investisiya qoyuluşunun qısamüddətli riskləri onun uzunmüddətli gəlirlilik parametrləri fonunda təhlil edilməkdədir”.
ARDNF-dən həmçinin bildiriblər ki, hal-hazırda fondun Rusiyaya olan investisiyaları “VTB Bank”ın səhmləri və daşınmaz əmlak investisiyasından ibarətdir.
“Uzunmüddətli gəlirlilik məqsədi daşıyan bu tipli investisiyalar üçün qısamüddətli qiymət dəyişkənlikləri gözləniləndir. Digər tərəfdən, ARDNF ölkələr və aktivlər üzrə kifayət qədər diversifikasiya olunmuş investisiya portfelinə malikdir. Bu səbəbdən Rusiya ilə əlaqəli baş verən son hadisələr ARDNF-nin investisiya portfelinin gəlirliliyinə ciddi təsir etmir”, – deyə fondun məlumatında vurğulanıb.
Qeyd edək ki, investisiya siyasətinə uyğun olaraq, investisiya portfelinin diversifikasiyası və uzunmüddətli gəlirliliyinin artırılması məqsədilə ARDNF 2013-cü ildə “Bank VTB” ASC tərəfindən emissiya edilmiş 500 mln. ABŞ dolları həcmində səhmləri alaraq bankın ümumi səhm kapitalında 2,99%-lik paya sahib olub.
Apa/az