ARDNŞ-nin Bakı Ali Neft Məktəbi və Leoben Montan Universiteti arasında Anlaşma Memorandumu imzalanıb
Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımovun rəhbərlik etdiyi nümayəndə heyəti Avstriya və Sloveniyada səfərdə olmuşdurlar.
Məktəbdən Trend-ə daxil olan məlumata görə, Avstriya Parlamentinin (Milli Şura) deputatı, Elm komitəsinin sədri Andreas Karlsbök ilə görüş keçirilmişdir. Görüşdə iki ölkə arasında elm və təhsil sahəsində əməkdaşlıq sahəsində artıq bir sıra mühüm addımların atıldığı bildirilmiş, diplomların qarşılıqlı tanınması haqda müqavilənin imzalanması və uğurla həyata keçirilməsi məmnunluqla qeyd edilmiş və elm və təhsil sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanmışdir.
Rektor Elmar Qasımov səfərin əsas məqsədi barəsində məlumat vermiş, səmimi qəbula və göstərilən qonaqpərvərliyə görə komitə sədrinə təşəkkürünü bildirmişdir. Bundan başqa komitə sədr Azərbaycana səfərə dəvət olunmuş, onun azərbaycanlı həmkarları – deputatlar və parlamentin Elm və təhsli komitəsinin rəhbərliyi ilə görüşmək və aparıcı təhsil ocaqları, o cümlədən BANM-nı ziyarət etməsi üçün Azərbaycana səfərə dəvət olunmuşdur. Bununla bağlı Azərbaycan parlamentindən müvafiq dəvətnamənin göndəriləcəyi bildirilmişdir. Qeyd olunmuşdur ki, səfərin əsas məqsədi Leoben Montan (Dağ-Mədən) Universiteti ilə əməkdaşlıq əlaqələrinin qurulmasıdır.
Komitə sədri iki ölkə arasında elm və təhsil sahəsində əməkdaşlığın gücləndirilməsinin Avstriya üçün vacib olduğunu qeyd etmiş, bu sahələrin iki ölkə arasında körpü olacağını və bu sahədə daha çox uğurlu addımlar atılacağına inandığını qeyd etmişdir. Avstriyada Azərbaycana marağın artırılması üçün müvafiq addımların atılmasının vacibliyi diqqətə çatdırılmış, özü tərəfindən bu əməkdaşlığın gücləndirilməsi üçün bütün mümkün dəstəyin veriləcəyini ifadə etmiş və digər həmkarları ilə bu məsələ ilə bağlı danışacağını demişdir. Komitə sədri A.Karlsbök bu məsələdə BANM ilə Leoben Universiteti ilə əlaqələrin qurulması və habelə Avstriya parlamentində bu görüşün təşkil edilməsi təşəbbüsü ilə çıxış etdiyinə və daim bu kimi layihələri dəstəklədiyinə görə ARDNŞ-nin Avstriyadakı nümayəndəliyinə təşəkkürünü bildirmişdir.
Sonda nümayəndə heyəti üçün parlamentin mötəbər tarixi zalları ilə tanışlıq məqsədilə gəzinti təşkil olunmuşdur.
ARDNŞ-nin nümayəndə heyətinin Leoben Montana Universitetində universitetin rəhbərliyi, o cümlədən universitetin Ali Elm Şurasının üzvləri ilə görüş olmuşdur.
Öncə universitetin rektoru Vilfrid Ayxlseder qonaqları salamlamış və ali təhsil ocaqları arasında səmərəli əməkdaşlıq qurulacağına ümidvar olduğunu bildirmişdir.
Gün ərzində davam edən danışıqları birinci vitse-rektor, beynəlxalq əməkdaşlıq sahəsinə cavabdeh olan prof. Dr. Peter Mozerin rəhbərlik etdiyi professor heyəti aparmışdır. Prof. P. Mozer öz növbəsində qonaqları səmimiyyətlə salamlayaraq, rəhbərlik etdiyi universitet haqqında geniş məlumat vermişdir. Qeyd edilmişdir ki, 1840-cı ildə yaranmış bu ali təhsil ocağı nəinki Avropada, eyni zamanda bütün dünyada neft-qaz və dağ-mədən sənayesi üçün elm xadimləri və peşəkar kadrlar yetişdirən ən qədim və nüfuzlu ali təhsil ocaqlarından biridir. Bildirilmişdir ki, hazırda universitetdə 450 nəfəri əcnəbi olmaqla, ümumilikdə 75 ölkədən 3500-ə yaxın tələbə təhsil alır, professor və müəllim heyəti 756 nəfərdən ibarətdir və 100-ə yaxın universitetlə müxtəlif formalarda əməkdaşlıq əlaqələri qurulmuşdur.
Danışıqlarda BANM-ın qarşısında duran vəzifələr, onun yeni yaranmış təhsil ocağı olması, Azərbaycanda neft-qaz sənayesi üçün yeni nəsil ixtisaslaşmış peşəkar mütəxəssislərinin hazırlanması üçün ölkə rəhbərliyi və ARDNŞ rəhbərliyinin iradəsi ilə yaradılması qeyd edilmişdir. O cümlədən BANM-ın hazırkı fəaliyyəti və əldə olunmuş nailiyyətlər, eyni zamanda tələbatları və ehtiyacları haqqında geniş məlumat verilmişdir.
Leoben Universitetinin aparıcı professorları, xüsusilə Qazma və neft-qaz mühəndisliyi departamentinin rəhbəri Qerhard Tonhauzer, Avtomatika departamentinin rəhbəri prof. Paul O`Leary və digərləri rəhbərlik etdikləri sahələr üzrə təqdimatlarla çıxış etmişlər. Görüşlər çərçivəsində güclü elmi fikir mübadiləsi aparılmışdır.
ARDNŞ-nin Avstriyadakı nümayəndəliyinin Leoben Universiteti ilə il yarımdan artıq müddət ərzində apardığı yazışma və danışıqlar, habelə birbaşa BANM ilə universitet arasında qurduğu əlaqələrin və münasibətlərin uğurla aparılması və hazırkı danışıqların çox yüksək səviyyədə aparılması nəticəsində hər iki təhsil ocağı arasında Anlaşma Memorandumu imzalanmışdır.
Bu memorandumun əsasında əməkdaşlığın müvafiq formada qurulması üçün, xüsusilə tələbə mübadiləsi, BANM-ın müəllim və professor heyəti üçün təkmilləşmə kursları, tələbələrin yay tədris kurslarına cəlb olunması, əsasən də məzunlara ikili diplomların verilməsi, xüsusilə Avtomatik fakültəsinin Leoben Universiteti tərəfindən qurulması kimi mühüm fəaliyyəti təşkil etmək məqsədilə əsasında yaxın gələcəkdə əsaslı müqavilənin imzalanacağına dair ilkin razılaşma əldə olunmuşdur.
Qeyd olunmuşdur ki, Leoben Universitetinin 100-dək təhsil ocağı ilə əməkdaşlıq əlaqələri olmasına baxmayaraq, yalnız onadək təhsil müəssisəsi ilə ciddi elmi əməkdaşlıq edir və tələbə mübadiləsi həyata keçirir. Yeni yaradılmış BANM-in tədrisi tam müasir və Avropa standartlarına uyğun qurmaq üçün ciddi niyyətini və tədris sistemini tamamilə qabaqcıl dünya təcrübəsinə uyğunlaşdırmağa maraqlı olmasını nəzərə alaraq, Leoben Universiteti tərəfindən yuxarıda qeyd olunmuş sahələrdə əməkdaşlığın qurulmasına və hətta gələcəkdə ikili diplomların verilməsi kimi həssas məsələyə razılıq verilmişdir.
Görüşün sonunda rektor E.Qasımov və nümayəndəliyin başçısı G. Cavadov bu səmimi qəbula və faydalı fikir mübadiləsinə, eləcə də göstərilən dəstəyə görə Leoben Universitetinin rəhbərliyinə təşəkkür etmişlər.
Görüşlərdə ARDNŞ-in Avstriyadakı nümayəndəliyinin başçısı Gülmirzə Cavadov və BANM-ın prorektorları prof. Ramiz Hümbətov və Rəşad Həsənov, habelə digər əməkdaşları iştirak etmişdir.
Trend.az