AŞPA-nın sərbəst dinləmələrində Azərbaycan həqiqətlərindən bəhs edilib
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının ikinci günündə deputatlar Avropada və dünyada baş verən siyasi hadisələr, insan haqları və demokratik dəyərlərlə bağlı müzakirələr aparıblar.
Müzakirələr zamanı dinlərarası və mədəniyyətlərarası dialoqun vacibliyindən danışan Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Aydın Abbasov bildirib ki, müasir dünyamızı yalnız dünyanın siyasi xəritəsinin dəyişdirilməsi ilə deyil, ictimai həyatla bağlı bir sıra qlobal problemlərin yaranması və kəskinləşməsi ilə də səciyyələndirə bilərik. İqtisadi, ekoloji və demoqrafik problemlərlə yanaşı, dini problemlər də kəskin şəkildə ortaya çıxır. Hərçənd bəzi separatçı qruplaşmalar çox vaxt terror əməllərinə haqq qazandırmaq məqsədilə din amilindən istifadə edirlər. Belə şəraitdə mədəni müxtəlifliyin, sivilizasiyanın qorunması məqsədilə mədəniyyətlərarası və dinlərarası dialoqun yaradılması olduqca aktualdır. Tolerantlıq və dini dözümlülük ənənələrinin güclü olduğu ölkə və regionların təcrübəsi bu mənada örnək ola bilər. Azərbaycan bir çox xalqların və dini icmaların birgə yaşadıqları, əməkdaşlıq ənənələrinə malik olduqları belə ölkələrdəndir. Azərbaycanın dinlərarası diqloqun və əməkdaşlığın möhkəmləndirilməsindəki təcrübəsi uğurlu nümunə kimi qəbul olunub və çox yüksək qiymətə layiq görülüb. 2002-ci ilin mayında Roma Papası II İohan Pavel Azərbaycana tarixi səfəri zamanı ölkəmizdə dini dözümlülük ənənəsini yüksək qiymətləndirib. Azərbaycanda vicdan azadlığı məsələsinə böyük qayğı ilə yanaşılır. Müxtəlif dini icmaların yalnız hüquqi təhlükəsizliyi deyil, eyni zamanda, mənəvi dəyərləri də qorunur.
Qeyd edilib ki, fərqli dini məzhəblərin siyasiləşdirilməsi, iqtisadi problemlərin həllində onlardan istifadə edilməsi xalqlar arasında böyük uçurum yarada bilər və bu zaman dialoq da qeyri-mümkün olacaq.
Bu gün əsas səylər müxtəlif dini icmalar arasında birgə tədbirlərin keçirilməsinə yönəldilməlidir. Dinlər arasında baş verən qarşıdurmalar haqda hər hansı lazımsız ictimai müzakirələrə yol verilməməlidir.
Deputat Sevinc Fətəliyeva isə Ermənistanın Azərbaycana qarşı 25 ildən artıq davam edən hərbi təcavüzündən danışıb. Qeyd edib ki, bu təcavüz nəticəsində qaçqın və məcburi köçkünə çevrilmiş bir milyondan artıq azərbaycanlı arasında ailə üzvlərini itirən uşaqlar da var. Torpaq həsrəti ilə yaşayan bu insanların hər birinin qəlbində doğma yurdlarına qayıtmaq, ata–analarının, əzizlərinin məzarlarını ziyarət etmək arzusu var. Məhz bu hissin gücü Həsən Həsənov, Dilqəm Əsgərov və Şahbaz Quliyevi Kəlbəcərə – öz ata-baba yurdlarını ziyarətə sövq etdi. Həsən Həsənov öldürüldü, digər iki həmyerlimiz isə əsr götürüldü, onlara qondarma “cinayət işi” açıldı. Qondarma “məhkəmə” D.Əsgərova ömürlük, Ş.Quliyevə isə 22 illik həbs cəzası kəsdi.
S.Fətəliyeva Azərbaycanın sərhədlərinin bütün beynəlxalq təşkilatlar, dövlətlər tərəfindən tanındığını bir daha diqqətə çatdırıb. O deyib ki, BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsində bölgədə sabitliyin və əmin-amanlığın təhlükə altında olduğu qeyd edilir, məcburi köçkünlərin sayının artmasından narahatlıq ifadə olunur və Kəlbəcər rayonunda yaranmış fövqəladə vəziyyətin doğurduğu problemlərin aradan qaldırılmasının zəruriliyi bildirilir. Həmin qətnamədə atəşin həmişəlik dayandırılması üçün işğalçılıq əməllərinə və hərbi əməliyyatlara son qoyulmasına çağırılır, təcavüzkar qüvvələrin Kəlbəcər rayonundan və Azərbaycanın işğala məruz qalmış digər ərazilərindən çıxarılması tələb edilir. Bu zaman sual meydana çıxır: heç bir sərhəd və qanun pozmayan, günahı yalnız torpaq sevgisi olan bu insanlar nədən cinayətkar və işğalçı olan bir ölkə tərəfindən girov götürülür? O ölkənin buna hansı hüquqları var ? Haqqın, ədalətin hökmü nədən bu məsələdə susur?!
Deputat bildirib: “Azərbaycan qirovların azad olunması məsələsini beynalxalq təşkilatlar qarşısında qaldırıb. Əgər insan haqları bütün beynəlxalq təşkilatların gündəmindədirsə və ən əsas məsələlərdən biri sayılırsa, onda bu məsələ niyə hələ də həllini tapmayıb. Separatçı rejimin girovlar üzərində “məhkəmə” qurması bütün hüquq normalarını pozur. Deməli, Ermənistan heç bir qanun tanımır və ya bu qanunlara məhəl qoymur. Buradan AŞPA-nı və bütün üzv ölkələri Ermənistanı beynəlxalq hüquqa hörmətlə yanaşmağa, təşkilat qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməyə məcbur etməyə cağırıram”.
AzərTac.az