AŞPA-nın sessiyasında Azərbaycanın da terrora məruz qalan ölkələrdən biri olduğu diqqətə çatdırılıb
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasının ikinci iş günündə Fransa nümayəndə heyətinin üzvü senator Jan-Mari Bokelin hazırladığı “Özünü “İraq və Şam İslam Dövləti” adlandıran terrorçu qruplaşmanın fəaliyyətinin humanitar fəsadları” adlı məruzə ətrafında aparılan müzakirələr zamanı Azərbaycanın da terrora məruz qalan ölkələrdən biri olduğu avropalı deputatların diqqətinə çatdırılıb.
Müzakirələrdə çıxış edən Azərbaycan nümayəndə heyətinin üzvü, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva bildirib ki, bu gün müasir dövrün ən dəhşətli hadisələridən biri müzakirə edilir. Bu dəfə terrorçular özlərini cinayətkarlar qrup kimi deyil, dövlət kimi görürlər. Terror dünyaya infeksiya kimi yayılır. Şübhəsiz, nəticədə idarəolunmaz qeyri-sabitlik daha da artacaq və Yaxın Şərqdə vəziyyəti gərginləşdirəcək.
S.Fətəliyeva deyib ki, terrorun artmasının səbəbi əsl İslam ideyalarına zidd olan insanların dini fanatizmidir. Əsas məqsədləri məhz terrora söykənən insanların fəaliyyəti heç də dinə deyil, əksinə zorakılıq və qətlə əsaslanır. Bununla bərabər onlar özlərini İslam pərdəsi altında gizlədirlər. Məruzədə qacqınların vəziyətinin yaxşılaşdırılması, onlar üçün layiqli şəraitin təmin olunması məsələsi də əksini tapır. Lakin əsas məsələ terrorun dünyada daha da yayılmasının, günahsız ölümlərin qarşısının alınmasının, müxtəlif ölkələrdən qaçqın axınının dayandırılması haqda birgə qərarın qəbul edilməsidir.
Problemin kökündə tarix dayanır. Azərbaycan öz ərazilərində terrorçu dövlətin qurulmasından zərər çəkən ölkələrdəndir. Vəziyyəti gərginləşdirən əsas səbəblərdən biri Azərbaycan torpaqlarının bir hissəsinin erməni terrorçuları tərəfindən işğal edilməsindən sonra terror yuvasına çevrilən həmin ərazilərdən narkotik maddələrin trafiki uçun istifadə olunmasıdır. Bəlkə 20 il öncə AŞPA və digər beynəlxalq təşkilatlar Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalı faktına daha sərt mövqe bildirsəydilər, 1992- ci ildə günahsız azərbaycanlılar sadəcə azərbaycanlı olduğuna görə qətlə yetiriləndə həmkarlarımız öz narahatlıqlarını daha açıq ifadə etsəydilər bu gün heç “İŞİD” də olmazdı. Biz bir iğtişaşa göz yumanda digərinin baş verməsinə şərait yaradırıq. Yaxın Şərqdə ərazilərdən başqa mədəniyyətlər və tarix də təcavüzə məruz qalır. Bu, sadəcə insan terroru yox, həmçinin mədəni terrordur. Hamımız “İŞİD”in tarixi abidələri dağıtması kadrlarını görmüşük. Eyni zamanda, Dağlıq Qarabağda da bunlar baş verib. Ermənistan işğal olunmuş ərazilərdə Azərbaycanın mədəni irsinin məhv edilməsinə və saxtalaşdırılmasına yönəlmiş fəaliyyət həyata keçirir. Tarixi və mədəni abidələr izsiz dağıdılır və ya saxtalaşdırılır. Bunların hamısı beynəlxalq konvensiyalara tamamilə ziddir. Biz görürük ki, terrorçular üçün nə qanunlar, nə konvensiyalar, nə də insanlıq dəyərləri heç bir məna kəsb etmir.
S.Fətəliyeva deyib: “Mən günahsiz insanlar qətlə yetiriləndə, gənclər terrora cəlb olunanda, saxta din ideyaları naminə şəhid olanda dünya ictimayətinin buna sərt və vaxtında reaksiya verməsini arzulayıram. Bunlar dəyərlərin, həyat normalarının dəyişməsi və ədalətin olmaması nəticəsində baş verir. Terrorun miqyasına, yayılmasına və gücünə baxmayaraq, terrorçuların bütün qurbanlarına ədalətli yanaşmaq lazımdır. Harada baş verməsindən asılı olmayaraq terrorun hər hansı forması qəbuledilməzdir. İslam və ya başqa din müharibə, zorakılıq, terror aləti kimi istifadə oluna bilməz. Şübhəsiz ki, ekstremizm artır və bu, dünya birliyi ilə birgə fəalliyətin mövcud olmamasını göstərir. Dövlətlər bir ümumi təhlükə qarşısında şəxsi maraqlarını kənara qoyub səylərini birləşdirməlidirlər, ümumi sərt mövqe ilə vəziyyətin ciddi olmasina qiymət verərək dərhal reaksiya göstərməli və ciddi addımlar atmalıdırlar”.
Azərbaycan nümayəndə heyətinin digər üzvü Sahibə Qafarova isə çıxışında bildirib ki, terror bu gün bütün dünyanı təhdid edən ən böyük hədə, gələcəyimizə ən böyük təhlükədir. Bu gün Azərbaycan xalqı terrorun nə demək olduğunu, onun vurduğu ağır xəsarətləri burada əyləşənlərin əksəriyyətindən daha çox bilir. Çünki son iki yüz illik tariximizdə xalqımız dəfələrlə erməni terrorunun qurbanı olub. Bu hadisələrin bəziləri cəmi bir neçə il bundan əvvəl baş verib. 1992-ci il fevralın 26-da ermənilərin törətdikləri XX əsrin ən dəhşətli soyqırımlarından biri olan Xocalı soyqırımı ilə bağlı minlərlə fakt mövcuddur. Amma çox təəssüf ki, beynəlxalq ictimaiyyət bu soyqırımına adekvat qiymət verməyib. Bu isə beynəlxalq münasibətlərdə ikili standartların olmasının bariz nümunəsidir.
Diqqətə çatdırılıb ki, öz xarici siyasətini beynəlxalq hüquq normaları və sülh, sabitlik kimi prinsiplər əsasında davam etdirən Azərbaycan beynəlxalq təhlükəsizlik məsələsinə xüsusi əhəmiyyət verir. Bu kontektsdə Azərbaycan təhlükəsizlik sahəsində birgə fəaliyyət və əməkdaşlığa məxsusi önəm verərək suveren milli dövlət kimi mövqeyini ortaya qoyur. Bu yanaşma dünyanın istənilən nöqtəsində bütün təhdid və dağıdıcılıq xarakterli məsələlərdə özünü göstərir.
Bəllidir ki, son zamanlar regional və beynəlxalq sabitliyə, insanların təhlükəsizliyinə ciddi təhdid yaradan hallardan biri də Yaxın Şərqdə “İŞİD” adlı terror qruplaşmasının dağıdıcı fəaliyyətidir. Bu cür fəaliyyət konkret olaraq beynəlxalq terrorizm kateqoriyasına aiddir və Azərbaycan belə dağıdıcı, bəşəriyyət əleyhinə yönəlmiş aktları birmənalı şəkildə qınayır və yolverilməz hesab edir. Məlum olduğu kimi, BMT tərəfindən qəbul olunmuş 1368 saylı qətnamədə terrorçu hücumlar qəti şəkildə pislənilərək bu hərəkətlərin dünya ölkələrinin təhlükəsizliyinə hədə olduğu bildirilib. Bu istiqamətdə zaman-zaman müvafiq profilaktik və mübarizə xarakterli tədbirlər görülməkdədir. Lakin terrorizm faktı hələ də aşkar təhdid vasitəsi kimi qalmaqdadır. Bir çox hallarda isə imperialist güc mərkəzləri özlərinin korporativ xarakterli geopolitik maraqlarını reallaşdırmaq üçün bu vasitədən istifadə etməkdədirlər.
Azərbaycan islamofob dairələrin maraqlarına xidmət edən və terrorçuluq xarakteri daşıyan “İŞİD”in yolverilməz əməllərinin qarşısının alınmasını zəruri hesab edir. Ümumiyyətlə, Azərbaycan dövləti beynəlxalq terrorizmlə mübarizədə dünya ictimaiyyətinin səylərini dəstəkləyir, eyni zamanda, bu prosesdə fəal təmsil olunur. Regional və beynəlxalq təhlükəsizlik məsələlərinə xüsusi əhəmiyyət verən Azərbaycan beynəlxalq təhlükəsizliyin təmin olunmasına xüsusi diqqət yetirir və bu məsələ mühüm vəzifə kimi müəyyənləşdirilib. Bəlli olduğu kimi, ölkəmiz BMT Təhlükəsizlik Şurasına sədrliyi müddətində dünyanı narahat edən bir sıra mühüm məsələləri, o cümlədən terrorizm, beynəlxalq təhlükəsizlik problemini müzakirəyə çıxararaq başlıca məsələ və prinsipləri dünya ictimaiyyətinin diqqətinə çatdırıb. Bir sözlə, Azərbaycan öz strateji kursu ilə beynəlxalq miqyasda təhlükəsizliyinin təmin olunması, xüsusilə də terrorizmlə mübarizədə fəal iştirak edir. Bu, ilk növbədə, ölkəmizin regional və beynəlxalq təhlükəsizliyə ciddi önəm verməsi ilə bağlıdır. Məhz buna görə də bu məsələyə müstəsna əhəmiyyət verən milli dövlətlər, o cümlədən müvafiq beynəlxalq strukturlar Azərbaycanla əməkdaşlığa xüsusi diqqət yetirirlər.
Məruzənin qətnamə layihəsinin müzakirəsi zamanı yenidən qondarma erməni soyqırımı məsələsini qaldıran və Türkiyə, İslam dini əleyhinə fikirlər səsləndirən Ermənistan nümayəndələrinə cavab verən deputat Qənirə Paşayeva deyib: “Ölkəniz azərbaycanlılara qarşı terror aktları həyata keçirəndə niyə etiraz etmirdiniz? İndi burada terrorizmə qarşı mübarizədən danışırsınız”.
Bu məsələdə AŞPA-nın ikili standatlara yol verdiyini diqqətə çatdıran deputat bildirib ki, Suriyada davam edən böhran və terrorçu qrupların, xüsusilə “İŞİD”in peyda olması regiona və onun hüdudlarına ciddi təhlükə törədir. Regionda yaşayan insanlar dini inancından, etnik mənsubiyyətindən asılı olmayaraq zorakılığa məruz qalırlar. Biz səylərimizi böhranın humanitar aspektlərində cəmləşdirməliyik. Belə ki, regional ölkələr humanitar fəlakətlə üzləşiblər. Türkiyə 3 milyondan artıq insana sığınacaq verib, onların da böyük əksəriyyəti uşaqlar və qadınlardır. Biz Türkiyənin bu istiqamətdə səylərini təqdir etməliyik. AŞPA bütün üzv dövlətləri onların məsuliyyətini öz üzərlərinə götürməyə və baş vermiş faciəvi humanitar böhran yükünü paylaşmağa çağırmalıdır. Q.Paşayeva deyib: “Mən Assambleyamıza İraqda və Suriyada yaşayan milyonlarla türkmənin, onların təmsilçilərinin xahişi ilə onların da düşüncələrini, səsini, yaşadıqları dəhşətləri sizə çatdırmaq və cağırış etmək istəyirəm. Bir neçə gün əvvəl İraqda yaşayan türkmənlər mənə üzərində qətlə yetirilmiş türkmənlərin qanı olan bayraq göndərmişdilər və xahiş edirdilər ki, onların səsini Assambleyada sizlərə çatdırım. Əziyyət çəkən digər etnik və dini qrupların səsi, düşüncə və çağırışları burada həmkarlarım tərəfindən səsləndirildi.
Ermənistan nümayəndə heyətinin bəzi üzvləri yenə də burada Türkiyə və İslam əleyhinə yanlış fikirlərlə çıxış etdilər. Mən onlardan sizin qarşınızda soruşmaq istəyirəm: 23 il əvvəl Azərbaycan torpaqlarını işğal edən zaman terrora dəstək verən Ermənistanın təmsilçiləri terror təşkilatları bu ölkənin dəstəyi ilə Azərbaycanda metroları, qatarları, avtobusları partladıb yüzlərlə insanı, uşağı qətlə yetirəndə niyə buna etiraz səslərini ucaltmırdılar? O zaman təəssüf ki, bizim bütün çağırışlarımıza baxmayaraq avropalı dostlarımızdan bu qanlı terrora qarşı mübarizədə bizə lazım olan güclü dəstəyi ala bilmədik. Bu məsələdə ikili standartlara yol vermək olmaz”.
Q.Paşayeva bildirib ki, İslam sülh və barış dinidir. İslam heç vaxt zorakılığa izn vermir. Biz Avropada islamofobiya təmayüllərinin artmasından ciddi narahat olmalıyıq. Yadda saxlamalıyıq ki, islamofobiya təmayülləri yalnız radikal qrupların gələcəkdə çiçəklənməsi üçün məhsuldar zəmin yaradır. Ona görə də Avropada islamafobiyanın artmasına qarşı da ciddi mübarizə aparmalıyıq.
AzərTac.az