AŞPA ilə QİƏT Parlament Məclisi arasında əməkdaşlıq məsələləri müzakirə edilib
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası ilə əlaqədar Strasburqda səfərdə olan Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin baş katibi Asəf Hacıyev bir sıra görüşlər keçirib.
AŞPA-nın siyasi məsələlər komitəsinin xarici əlaqələr üzrə alt komitəsinin rəhbəri, ispaniyalı deputat Xose Maria Beneyto ilə görüşdə hər iki qurum arasında əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb. Korrupsiya ilə mübarizə, insan hüquqları, Avropada enerji təhlükəsizliyi və digər sahələrdə birgə layihələrin həyata keçirilməsi qərara alınıb. Komitənin mart ayında Parisdə keçiriləcək iclasında QİƏT-in nümayəndəsinin çıxış etməsi və bununla bağlı müəyyən işlərin görülməsi məsələsi də müzakirə olunub.
AŞPA-nın baş katibi Voytsex Savitski ilə görüşdə hər iki qurum üçün maraq kəsb edən məsələlər barədə fikir mübadiləsi aparılıb. Bu təşkilatların baş katibləri arasında əlaqələrin yaranmasının, baş verən hadisələr barədə məlumatlar verilməsinin vacibliyi qeyd olunub.
A.Hacıyev V.Savitskini QİƏT-in İstanbulda keçiriləcək yığıncağında iştiraka dəvət edib və Avropa Şurası təcrübəsinin QİƏT Parlament Məclisinin beynəlxalq katibliyi tərəfindən istifadə olunması qərara alınıb.
Polşanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Tadeuş İvinski ilə görüşdə isə onun rəhbərlik etdiyi komitə ilə QİƏT arasında əməkdaşlığın yaradılması məsələləri müzakirə edilib.
AzərTac.az