AŞPA həmməruzəçiləri Azərbaycanda məhkəmələrə inamın artırılmasına yönələn tədbirlərlə maraqlanıblar
Ədliyyə Nazirliyində Avropa Şurasının həmməruzəçiləri ilə görüş keçirilib.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, mayın 21-də ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov ölkəmizdə səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Pedro Aqramunt Font de Mora və Cozef Debono Qrex ilə görüşüb.
Ədliyyə naziri Fikrət Məmmədov Azərbaycanın Avropa Şurası ilə səmərəli əməkdaşlıq etdiyini, AŞ-nin baş katibi Torbyorn Yaqlandın ölkəmizə səfərinin və ötən gün təqdimatı keçirilmiş AŞ-nin 2014-2016-cı illər üzrə Azərbaycan üçün Fəaliyyət Planının qarşılıqlı fəaliyyətə əlavə töhfə verəcəyini qeyd edib.
Qonaqlar Azərbaycanın Avropa Şurasına üzv qəbul olunduqdan sonra üzərinə götürdüyü öhdəliklərin icrası vəziyyətindən məmnunluğunu bildirib, ölkəmizə səfərinin məqsədlərindən danışıb, Monitorinq Komitəsi olaraq 14 dövlətdə monitorinqlər apardıqlarını söyləyib.
Həmməruzəçilər, həmçinin məhkəmə-hüquq sistemində mütərəqqi islahatlara toxunub, Məhkəmə-Hüquq Şurasının fəaliyyəti və məhkəmə sisteminə inamın artırılmasına yönələn tədbirlərlə maraqlanıblar.
Məhkəmə-hüquq sistemində islahatların uğurla davam etdirildiyini bildirən F.Məmmədov bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, Məhkəmə-Hüquq Şurasının səlahiyyətlərinin genişləndirilməsi, hakimlərin müstəqilliyinin yüksəldilməsi, onların əməkhaqlarının xeyli artırılması, inzibati ədliyyənin uğurlu fəaliyyəti, müasir məhkəmə infrastrukturunun yaradılması və s. barədə məlumat verib.
Görüşdə digər maraq kəsb edən məsələlər ətrafında faydalı fikir mübadiləsi aparılıb.
Trend.az