AŞPA-da münaqişələr üzrə Alt Komitə yaradılıb

Posted by

AŞPA-da münaqişələr üzrə Alt Komitə yaradılıbKomitədə üzv ölkələrin ərazisindəki münaqişələrin həlli müzakirə ediləcək

AŞPA-da münaqişələr üzrə Alt Komitə yaradılıb

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyası çərçivəsində qurumun Monitorinq Komitəsinin iclası keçirilib. APA-nın Avropa bürosunun xəbərinə görə, iclasda Avropa Şurasına üzv ölkələr arasındakı münaqişələr üzrə xüsusi Alt Komitə yaradılıb.

 

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib ki, Avropa Şurasının bütün qurumları Dağlıq Qarabağ, Azərbaycanın qaçqın və məcburi köçkünlər problemini və Azərbaycan ərazilərinin işğalı məsələlərini daim nəzarətdə saxlamalıdır: “Mən bu gün assambleyanın plenar iclasındakı çıxışımda qeyd etdim ki, AŞPA Bürosunda müxtəlif münaqişələr müzakirə olunub və biz çox istərdik ki, bu məsələlər xüsusi qurum daxilində müzakirə edilsin. Çünki Ermənistan öz işğalçı siyasətindən əl çəkmədiyi üçün Azərbaycan daim provokasiyalara məruz qalır, baxmayaraq ki, Ermənistanın öz vətəndaşları, əsgərləri bu münaqişədən beziblər. Mən Ermənistandan qaçan erməni əsgərinin könüllü şəkildə Azərbaycana təslim olmasını əks etdirən fotoşəkili də assambleya iştirakçılarının diqqətinə çatdırdım. Ermənistan əsgəri Azərbaycana keçərək ölmək istəmədiyini, yaşamaq istədiyini deyir. Bu da onu sübut edir ki, ermənilər onlara aid olmayan torpaqlardan çəkilsələr, bu münaqişə həll olunar”.

 

S. Seyidov deyib ki, onun plenar iclasdakı çıxışından sonra Monitorinq Komitəsinin toplantısında xüsusi Alt Komitə yaradılıb və bu komitədə digər münaqişələrlə yanaşı, Dağlıq Qarabağ münaqişəsi də daim müzakirə ediləcək: “Ermənistan nümayəndə heyəti növbəti dəfə çalışdı ki, məsələ ört-basdır edilsin, müzakirə olunmasın. Lakin qərarın əleyhinə cəmi üç nəfər səs verdi, onların da ikisi Ermənistan nümayəndə heyətinin öz üzvləri oldu. AŞPA üzv ölkələrin ərazisində olan münaqişələri müzakirə etməyə başlayacaq və təbii ki, bunlar içərisində ən köhnə və ən dəhşətli münaqişə Dağlıq Qarabağ münaqişəsidir”.

 

 

Apa.az