Ankarada “Xocalı Abidəsi və Xocalı Muzeyi” kompleksinin açılış mərasimi keçirilib
Ankaranın Kızılcahamam rayonunda inşa edilmiş “Xocalı Abidəsi və Xocalı Muzeyi” kompleksinin açılış mərasimi keçirilib.
Azərbaycanın Türkiyədəki Səfirliyindən Trend-ə verilən məlumata görə, səfirliyin və Ankaranın Kızılcahamam rayon bələdiyyəsinin təşkilatçılığı ilə keçirilən tədbir “31 Mart Azərbaycanlıların Soyqırımı Günü”nə həsr edilib.
Geniştərkibli tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, millət vəkilləri Yaqub Mahmudov, Cavanşir Feyziyev, Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov, Kızılcahamam rayon bələdiyyəsinin başçısı Coşkun Ünal, Kızılcahamam rayonunun icra başçısı Mustafa Çit, Türkiyə Respublikası Xarici İşlər Nazirliyindən idarə rəisi, səfir Tahsin Tunç Üğdül, Ankarada akkreditə olunmuş diplomatik nümayəndəlik və beynəlxalq təşkilatların rəhbərləri və təmsilçiləri, çoxlu sayda Kızılcahamam rayon sakinləri, diaspor nümayəndələri, çoxlu sayda ictimai-siyasi xadim, Ankarada təhsil alan tələbə və kursantlarımız, eləcə də çox sayda KİV nümayəndələri iştirak ediblər.
Mərasim, iki qardaş ölkə şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsinin ardından ölkələrimizin himnlərinin oxunması ilə başlanıb. Daha sonra Ə.Həsənov, F.Bağırov, Y.Mahmudov, C.Ünal və M.Çit çıxış edərək iki qardaş ölkə xalqına qarşı tarix boyu davam etmiş erməni təcavüzündən geniş şəkildə bəhs ediblər.
F.Bağırov ölkəmizin qan yaddaşının gənclərimizin düşüncəsinə aşılanmasında Ümummilli Lider Heydər Əliyevin əvəzsiz rolundan söz açaraq, xalqımıza qarşı tarix boyu həyata keçirilmiş erməni təcavüzü ilə bağlı gerçəkliklərin dünyaya duyurulmasında gənclərə düşən mühüm vəzifələrdən bəhs edib.
Ə.Həsənov isə çıxışında Kızılcahamam rayon rəhbərliyi və Türkiyə Respublikası hökumətinə təşəkkürlərini dilə gətirib, Xocalı Soyqırımının bütün türk dünyasının müştərək acısı olduğunu nəzərə çatdırıb, xalqımıza qarşı tarix boyu davam etmiş erməni qəsbkarlığı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasının əhəmiyyətini vurğulayıb və bu kimi fəaliyyətlərin Xocalı Soyqırımı faktı kimi halların bir daha təkrarlanmaması üçün mühüm olduğunu qeyd edib.
Ə.Həsənov həmçinin Türkiyədə Xocalı Soyqırımı ilə bağlı 3 abidənin olduğunu və 8 bələdiyyə məclisinin Xocalı faciəsini soyqırım kimi tanıdığını diqqətə çatdıraraq, bir gün Türkiyə Böyük Millət Məclisinin də Xocalı faciəsini soyqırımı kimi tanıyacağını ümid etdiyini vurğulayıb.
Açılış mərasiminə çox saylı insanların iştirakı xüsusi diqqət çəkib. Tədbir iştirakçılarına “İrs-Miras” jurnalı ilə yanaşı erməni təcavüzkarlığı ilə bağlı həqiqətləri anladan çox sayda materiallar təqdim olunub.
Trend.az