Çanaqqala zəfərinin 100-ci ildönümü münasibətilə İstanbulda Barış Zirvəsi keçirilib
Türkiyədə Çanaqqala zəfərinin yüzüncü ildönümü münasibətilə silsilə dövlət tədbirləri keçirilir. Ölkənin bütün küçə və meydanları bayramsayağı bəzədilib, şəhər və qəsəbələrdə mərasimlər təşkil edilib.
Bayram münasibətilə aprelin 23-də Ankarada Türkiyə dövlətinin banisi Mustafa Kamal Atatürkün məzarı ziyarət olunub, Anıtqəbirin önünə əklil qoyulub. Mərasimdə Türkiyənin dövlət və hökumət rəsmiləri, Böyük Millət Məclisinin üzvləri, Ankaradakı diplomatik korpusun rəhbərləri, xarici qonaqlar, ölkə ictimaiyyətinin görkəmli nümayəndələri, media mənsubları iştirak ediblər.
Çanaqqala zəfərinin yüzüncü ildönümü münasibətilə İstanbulda Barış Zirvəsi təşkil olunub. Zirvədə Azərbaycanı Baş nazirin müavini Əli Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Nümayəndə heyətinə Milli Məclisin deputatları, tanınmış alimlər daxildir.
Üç hissədən ibarət Zirvə çərçivəsində Birinci Dünya müharibəsi və Çanaqqala döyüşlərinə dair müxtəlif sərgilər təşkil olunub.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Baş nazir Əhməd Davudoğlu Zirvə çərçivəsində keçirilən ayrı-ayrı toplantılarda çıxış ediblər.
Prezident Rəcəb Tayyib Ərdoğan Çanaqqala savaşında həyatlarını itirən bütün xalqların nümayəndələrinin xatirəsinin ehtiramla xatırlandığını bildirib. Bütün ölkələrə və xalqlara sülh, əmin-amanlıq arzulayan Prezident dünyadakı ikili standartlara toxunaraq qeyd edib ki, Türkiyə təkcə öz vətəndaşı olan ermənilərə yox, Ermənistandakı səfalətdən qaçaraq bu ölkəyə sığınan ermənilərə də qayğı ilə yanaşır. Uydurma “erməni soyqırımı” iddiaları ilə düşmənçilik toxumu səpənlər isə əslində ermənilər üçün heç bir faydalı iş görmürlər. Rəcəb Tayyib Ərdoğan bildirib ki, Çanaqqala zəfərinin yüz ilinin “Barış” şüarı altında keçirilməsi Türkiyənin sülh və sabitlik tərəfdarı olmasının nümayişidir.
Baş nazir Əhməd Davudoğlu Çanaqqala zəfərinin müasir Türkiyənin həyatındakı tarixi rolundan bəhs edib. Xalqlar, ölkələr arasında sülh və dostluq əlaqələrinin əhəmiyyətindən danışan Baş nazir müharibə və münaqişələrin heç kimə fayda gətirmədiyini vurğulayıb. O, bəzi qüvvələrin 1915-ci il hadisələri üzərindən nifrət toxumu səpməsinin təəssüf doğurduğunu qeyd edib.
Daha sonra Zirvə bədii hissə və ziyafətlə davam etdirilib.
AzərTac.az