Amerikalı konqresmen terrorizmə qarşı mübarizədə Azərbaycanın əhəmiyyətini vurğulayır
Amerikada çıxan “The Hill” qəzetində Massaçusets ştatından olan konqresmen, ABŞ Nümayəndələr Palatasının İctimai və milli təhlükəsizlik məsələləri komitəsinin sədri Harold Notonun “Dini radikalizmə qalib gəlmək üçün mötədil müsəlman dövlətləri ilə iş aparmaq zəruridir” sərlövhəli məqaləsi dərc edilib (http://thehill.com/blogs/congress-blog/foreign-policy/238261-engaging-moderate-islamic-states-critical-to-defeating).
Müəllif yazır ki, Ağ Ev son bir neçə həftə ərzində İran ilə danışıqlar apardığına və islamçı terror qruplarına qarşı mübarizədə sərt siyasət yeritməyə qabil olmadığına görə tənqidə məruz qalır. Respublikaçılar prezidenti həm də “İraq və Şam İslam dövləti” (İŞİD) və “Boko Haram” kimi radikal qruplaşmalara qarşı mübarizədə mötədil islam dövlətləri ilə əlaqələrin möhkəmlənməsinə görə tənqid ediblər. Amerika ordusunun İraqda və Əfqanıstanda missiyalarında xidmət etmiş, vəzifəsi həmin dövlətlərdə “radikal elementləri” təcrid etməkdən ibarət olmuş Harold Noton ABŞ Prezidentinin siyasətinin düzgün olmasına əmindir.
Konqresmen qeyd edir ki, əvvələn radikal islamçılar üzərində qələbə qazanmaq məqsədilə mötədil müsəlman dövlətləri ilə münasibətlərin dəstəklənməsi Birləşmiş Ştatların İslama qarşı vuruşmadığını, yalnız terrorçuluğa qarşı mübarizə apardığını göstərir. ABŞ belə mötədil dövlətlərlə işi davam etdirməlidir. Onlardan biri də əhalisinin 90 faizi müsəlmanlardan ibarət olan Azərbaycandır. Azərbaycanda dünyəvi idarəçilik forması və ümumi dini tolerantlıq, habelə radikal qruplaşmalara qalib gəlmək əzmi mövcuddur.
Müəllif xatırladır ki, 2001-ci il sentyabrın 11-də baş vermiş dəhşətli hadisələrdən sonra Prezident Corc Buşa zəng vuraraq başsağlığı verən və terrorizmə qarşı mübarizəyə kömək etməyə hazır olduğunu bildirən ilk xarici dövlət rəhbərlərindən biri Azərbaycanın rəhbəri olub və Azərbaycan rəhbərinin bəyanatları boş sözlər olmadı. Azərbaycan Birləşmiş Ştatların Əfqanıstanda müharibə zamanı “Taliban” hərəkatına qarşı mübarizəsinə kömək göstərilməsi üçün mühüm tədbirlər gördü. Azərbaycan Amerika hərbi təyyarələrinin bütün zəruri səviyyələrdə əməliyyatlar aparmaq üçün bu ölkənin hava məkanından istifadə etməsinə imkan verdi. Müharibənin aktiv dövründə Qəndəharda dislokasiya edilmiş 4-cü ABŞ piyada diviziyasının 2-ci briqada taktiki qrupunda xidmət etmiş H.Noton Əfqanıstanda hava döyüşlərində hərbi üstünlüyün vacibliyini vurğulayaraq yazır ki, hava qüvvələrinin kafi sayda olması Amerika qoşunlarının öz hərbi missiyasını başa çatdırmasına və Amerika piyadalarının çoxunun salamat qalmasına imkan verdi
H.Noton daha sonra qeyd edir ki, ABŞ və NATO hərbi personalı Əfqanıstanda dislokasiya edilməzdən əvvəl Azərbaycan həmin qoşunların öz ərazisində toplaşmasına icazə verib. Azərbaycan öz hərbi qulluqçularını Əfqanıstanda koalisiya missiyasında iştirak etməyə göndərib. Bir sözlə, müəllifin fikrincə, Birləşmiş Ştatlara hücum etmiş Əl-Qaidəni məğlub etmək lazım olanda Azərbaycan bu məsələdən kənarda qalmayıb.
Konqresmen öz məqaləsində Azərbaycanın İsrail ilə də sıx əlaqə saxlaması faktını qeyd edərək göstərir ki, İsrail idxal etdiyi neftin 40 faizini Bakıdan alır. Azərbaycanda böyük yəhudi icması tam təhlükəsiz şəraitdə, dini etiqad azadlığına heç bir məhdudiyyət qoyulmadan yaşayır və ölkə hökuməti onun müdafiəsinə təminat verir.
Radikalizmə qarşı mübarizədə Amerikanın uğurları mötədil mövqeli müsəlman dövlətləri ilə normal münasibət saxlanılmasına əsaslanır. Amerika Yaxın Şərqdə, Cənub-Qərbi Asiyada və bütün dünyada radikal qruplaşmalara qarşı mübarizədə minlərlə igid hərbi qulluqçusunu qurban verib, bir neçə trilyon dollar xərcləyib. ABŞ qanunvericisi yazır: “Düşünürəm ki, mübarizəni davam etdirmək lazımdır, lakin biz öz məqsədlərimizə nail olmaq üçün bu regionlardakı mötədil müsəlman dövlətlərinə də güvənməliyik və bunun üçün bizim hökumət həmin dövlətlərlə müttəfiqlik əlaqələri yaratmaq məqsədilə gərgin iş aparmalıdır”.
Konqresmen H.Noton sonda yazır ki, Azərbaycan radikal qruplaşmalara qarşı mübarizədə bizim etibarlı tərəfdaşımız olduğunu və gələcəkdə də bu əməkdaşlığı davam etdirəcəyini artıq sübuta yetirib.
AzərTac.az