Amerikalı həmsədr: Dağlıq Qarabağ münaqişəsinin tərəfləri sülh əldə etməyə çalışmalıdırlar
ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik Azərbaycan və Ermənistanı sülhə səsləyib. Trend-in məlumatına görə, amerikalı həmsədr bu barədə öz Twitter səhifəsində yazıb.
Ceyms Uorlik bildirib: “Münaqişə tərəfləri sülh əldə etməyə çalışmalıdır. Vəziyyətin gərginləşməsi heç kimin maraqlarına cavab vermir”.
Qeyd edək ki, bundan öncə ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla Ermənistanın XİN rəhbəri Edvard Nalbandyan arasında görüşün yekunu üzrə bəyanatında qoşunlarının təmas xəttində davam edən gərginliklə əlaqədar narahatlıqlarını bildiriblər.
Həmsədrlər vurğulayıblar ki, son vaxtlar baş vermiş hadisələr danışıqları pozur və sülhün əldə olunması perspektivlərini azaldır.
Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin və ATƏT-in Minsk qrupunun həmsədrlərinin görüşü zamanı sülh prosesinin irəliləyişi üzrə əhəmiyyətli məsələlər də müzakirə olunub.
ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfləri atəşkəs rejimi haqqında sazişin şərtlərinə qeyd-şərtsiz riayət etməyə çağırıblar.
Həmsədrlər Azərbaycan və Ermənistan prezidentləri ilə danışıqların davam etdirilməsi üçün yaxın həftələrdə regiona səfər edəcəklərini açıqlayıblar.
Trend.az