AMEA-da soyqırımı tədqiqatlarının təşkili məqsədilə yaradılmış komissiyanın ilk iclası keçirilib

Posted by

AMEA-da soyqırımı tədqiqatlarının təşkili məqsədilə yaradılmış komissiyanın ilk iclası keçirilibAMEA-da soyqırımı tədqiqatlarının təşkili məqsədilə yaradılmış komissiyanın ilk iclası keçirilib

AMEA-da soyqırımı tədqiqatlarının təşkili məqsədilə yaradılmış komissiyanın ilk iclası keçirilib

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində akademiyada soyqırımı tədqiqatlarının təşkili məqsədilə yaradılmış komissiyanın ilk iclası keçirilib.

 

APA-nın xəbərinə görə, tədbiri giriş sözü ilə AMEA prezidenti, akademik Akif Əlizadə açaraq XX əsr ərzində Azərbaycan xalqına qarşı bir neçə dəfə yönəldilmiş soyqırımı siyasətinin faciəli təzahürlərindən danışıb.

 

O qeyd edib ki, bədnam qonşularımız tərəfindən aparılan soyqırımı siyasəti nəticəsində Azərbaycanın tarixi torpaqları işğal olunub, azərbaycanlı əhali kütləvi surətdə öz dədə-bab yurdlarından deportasiya olunub. Lakin Ermənistan bu gün də həmin siyasətin davamı olaraq informasiya müharibəsini genişləndirərək dünya ictimaiyyətini çaşdırmağa çalışır, heç bir reallığa əsaslanmayan “faktlarla” ermənilərin guya soyqırımına məruz qaldıqlarını dünyaya yayır. A.Əlizadə informasiya müharibəsində Azərbaycan alimlərinin böyük rol oynamalı olduğunu diqqətə çatdıraraq, bu gün obyektiv, əsaslı dəlillərə və tarixi sənədlərə istinad olunaraq elmi-kütləvi əsərlər yazılmasının, filmlər çəkilməsinin, tərcümə materiallarının hazırlanıb nəşr edilməsinin daha vacib əhəmiyyət daşıdığına diqqət yönəldib. Akademik bildirib ki, komissiya tərəfindən bütün tarixi zamanlara ətraflı nəzər yetiriləcək, xüsusilə bu gün də çoxlarına qaranlıq qalan Birinci Dünya müharibəsindən sonra Qafqazda baş vermiş hadisələr mütəxəssis nöqteyi-nəzərindən işıqlandırılacaq. Bu məqsədlə AMEA-da Qafqazşünaslıq Elmi-Tədqiqat İnstitutunun yaradılmasının vacibliyini diqqətə çatdıran akademiya rəhbəri göstərilən istiqamətdə Azərbaycanda və arxivlərdə sənədlərlə işləməyin xüsusi əhəmiyyət kəsb etdiyini bildirib.

 

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək soyqırım tədqiqatlarının təşkili məqsədilə yaradılan komissiyanın fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. Akademik İsa Həbibbəyli bütün XX əsr boyu Məmməd Səid Ordubadinin “Qanlı illər” tarixi-publisist romanı və bir neçə bədii əsərlərdəki fraqmentlərdən başqa, demək olar ki, heç bir bədii ədəbiyyat nümunəsində erməni məsələsinin köklü surətdə işıqlandırılmadığını, tarixi əsərlərin tədqiqatlar aparılsa da yetərincə olmadığını bildirib. Keçmiş sovet dönəmində sənədlərin “tam məxfi” qrifi ilə gizli saxlanıldığını, Azərbaycan tədqiqatçıları üçün xüsusi qadağalar qoyulduğunu qeyd edən İ.Həbibbəyli bildirib ki, həmin boşluqdan istifadə edən ermənilər dünyanın müxtəlif ölkələrində uydurma faktlar əsasında özlərini “yazıq millət” kimi qələmə verib, zaman-zaman qondarma “Böyük Ermənistan” xülyasını şişirdiblər. Heydər Əliyevin azərbaycanlıların soyqırımı və deportasiyası ilə bağlı imzaladığı tarixi sərəncamlardan sonra müstəqil Azərbaycanda bu mövzuda olan tədqiqatlar üçün geniş meydan açıldığını qeyd edən akademik mövcud imkanlardan alim və mütəxəssislərin daha geniş istifadə etməyinin vacibliyini diqqətə çatdırıb.

 

Komissiya üzvlərindən Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, xalq artisti Şəfiqə Məmmədova, BDU-nun professoru, tarix elmləri doktoru Anar İskəndərov, AMEA İnsan Hüquqları İnstitutunun direktoru Aytən Mustafayeva, Azərbaycan Dövlət Nəşriyyatının direktoru Azər Mustafazadə, AMEA Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov, BDU-nun professoru, tarix elmləri doktoru Musa Qasımlı, AMEA Fəlsəfə və Hüquq İnstitutunun direktoru İlham Məmmədzadə çıxış edərək, komissiyanın işi, fəaliyyət istiqamətləri ilə bağlı fikir və mülahizələrini bildirib, təkliflərini səsləndiriblər.

 

Tədbirin sonunda soyqırım tədqiqatları üzrə komissiyanın sədri, akademik Akif Əlizadə və komissiyanın sədr müavini, akademik İsa Həbibbəyli bu qurumun üzvləri olan alim və mütəxəssislər tərəfindən səsləndirilən fikir və mülahizələrə münasibət bildiri, təkliflərin nəzərə alınacağını qeyd ediblər.

 

AMEA-nın prezidenti, akademik Akif Əlizadə komissiyanın fəaliyyəti ilə bağlı konkret tapşırıqlar verib, qarşıda duran vəzifələri müəyyən edib.

 

Apa/az