Çaloka Beyani: Dünyanın heç bir yerində məcburi köçkünlər üçün Azərbaycandakı kimi müasir qəsəbələrin tikildiyini görməmişəm

Posted by

Çaloka Beyani: Dünyanın heç bir yerində məcburi köçkünlər üçün Azərbaycandakı kimi müasir qəsəbələrin tikildiyini görməmişəm

Çaloka Beyani: Dünyanın heç bir yerində məcburi köçkünlər üçün Azərbaycandakı kimi müasir qəsəbələrin tikildiyini görməmişəm

Çaloka Beyani: Dünyanın heç bir yerində məcburi köçkünlər üçün Azərbaycandakı kimi müasir qəsəbələrin tikildiyini görməmişəm

Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov mayın 23-də BMT-nin İnsan Hüquqları Şurasının məcburi köçkünlərin hüquqları üzrə xüsusi məruzəçisi Çaloka Beyani ilə görüşmüşdür.

AzərTAc xəbər verir ki, görüşdə Əli Həsənov xarici qonaqların ölkəmizə səfər edərək buradakı reallıqları gözləri ilə görməsinin əhəmiyyətini vurğulamışdır.

Baş nazirin müavini qeyd etmişdir ki, bu gün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ölkəmizin yeganə problemidir.

Əli Həsənov demişdir: “Bizim yeganə istəyimiz odur ki, BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi 4 qətnamənin icrasını təmin etsin. Başqa bir istəyimiz yoxdur. Amma ermənilərin əsassız torpaq iddiaları qəbuledilməzdir”.

Baş nazirin müavini bildirmişdir ki, Azərbaycan hökuməti qaçqın və məcburi köçkünlərin ehtiyaclarını təmin etmək üçün həm hüquqi, həm də sosial-iqtisadi sahədə böyük işlər görür. Bu gün ölkədə məcburi köçkünlər üçün tikilmiş 82 qəsəbənin hər biri müasir standartlara cavab verir. Yəni, Azərbaycan Prezidentinin məcburi köçkünlər üçün gördüyü işlər göz qabağındadır.

Əli Həsənov bildirmişdir ki, hazırda Ermənistan tərəfindən Azərbaycana vurulmuş ziyan hesablanır və bu proses artıq yekunlaşmaq üzrədir. Bu ziyan 300 milyard dollardan artıqdır. Azərbaycan hökuməti bir gün bu ziyanın təzminat şəkilində ödənilməsini Ermənistandan tələb edəcəkdir.

Çaloka Beyani bildirmişdir ki, Azərbaycana səfərinin məqsədi məcburi köçkünlərinin problemlərinin həlli istiqamətindəki vəziyyəti öyrənməkdir.

BMT rəsmisi vurğulamışdır ki, məcburi köçkünlərin doğma yurdlarına dinc və sabit şəkildə qayıtmaları üçün ilk növbədə sülh barədə razılığa gəlinməlidir. Eyni zamanda, münaqişənin həlli ilə bağlı qəbul olunmuş qətnamələr icra edilməlidir. O demişdir: “Biz BMT-nin Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi ilə bağlı yanaşmasına fəaliyyətimizdə xüsusi önəm veririk”.

Ç.Beyani vurğulamışdır ki, Azərbaycan dövləti qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm işlər görmüşdür. Bu işlər bütün sahələri – elm, təhsil, səhiyyə və s. əhatə edir. Məcburi köçkünlər üçün yeni qəsəbələr tikilmişdir. Dünyanın heç bir yerində məcburi köçkünlər üçün Azərbaycandakı kimi belə müasir qəsəbələrin tikildiyini görməmişəm. Biz bu cür qəsəbələrin tikintisini alqışlayırıq. Bununla yanaşı, bilirik ki, bunlar əlbəttə, müvəqqəti olaraq məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına xidmət edir.

Sonda tərəflər qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparmışlar.

 

AzərTac.az