Allahşükür Paşazadə: Müsəlman dünyası böyük bir təhlükə və sonu fəlakətə apara biləcək təxribatlarla üz-üzə qalıb

Posted by

Allahşükür Paşazadə: Müsəlman dünyası böyük bir təhlükə və sonu fəlakətə apara biləcək təxribatlarla üz-üzə qalıbAllahşükür Paşazadə: Müsəlman dünyası böyük bir təhlükə və sonu fəlakətə apara biləcək təxribatlarla üz-üzə qalıb

Allahşükür Paşazadə: Müsəlman dünyası böyük bir təhlükə və sonu fəlakətə apara biləcək təxribatlarla üz-üzə qalıb

“Əfsuslar olsun ki, müasir dönəmdə biz cəmiyyət və insan həyatına ciddi hədə olan hadisələrlə, özünü İslama aid edən radikal dini təriqətlərin və cərəyanların dağıdıcı fəaliyyəti ilə qarşılaşırıq. Görünən odur ki, müsəlman dünyası böyük bir təhlükə və sonu fəlakətə apara biləcək təxribatlarla üz-üzə qalmışdır”. Trend-in məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə bu gün Bakıda “İslam maarifçiliyi və müasir dövr” mövzusunda keçirilən beynəlxalq elmi konfransın açılış mərasimində bildirib.

 

A.Paşazadə daha sonra deyib: “Bildiyiniz kimi, biz Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağ torpaqlarının işğalını, Xocalı soyqırımını, erməni ekstremistlərinin mütəmadi terrorunun acılarını yaşayan, məscidlərin dağıdılmasının, tarixi abidələrimizin məhv edilməsinin şahidi olan bir xalqın nümayəndələriyik. Bu fəlakətləri özümüzdə yaşadığımız üçün İraqdakı qətliamları, Suriyadakı qardaş qırğınlarını, hər gün İŞİD-in törətdiyi rəzalətləri, Qüdsdəki hərbi cinayətləri və terror aktlarını qətiyyətlə pisləyirik. İki yüz ildən artıq bir dövr ərzində azərbaycanlılara qarşı mütəmadi deportasiya və genosid siyasəti aparan Ermənistanın özünü dünyaya “məzlum qurban” kimi təqdim etməsini siyasi riyakarlıq hesab edirik. Həqiqi faktları təhrif edərək erməni soyqırımını tanıyanlar, gerçək Xocalı qətliamını görməzlikdən gəlir, bu günə qədər bu faciənin tam şəkildə real hüquqi-siyasi qiymətini verə bilmirlər”.

 

A.Paşazadənin sözlərinə görə, qloballaşma və inteqrasiya proseslərinin geniş vüsət aldığı müasir dünyada, eyni zamanda ziddiyyətli proseslər, ayrı-ayrı bölgələrdə milli-mədəni, mənəvi və siyasi qarşıdurmalar, islamofobiya və ksenofobiya halları da müşahidə olunur: “Təəssüf hissi ilə qeyd etməliyəm ki, etnik-siyasi qarşıdurmalar, terrorizm, separatçılıq, dini radikalizm kimi bütövlükdə bəşər sivilizasiyasını təhdid edən hadisələr zəmanəmizin bugünkü acı gerçəyidir. Belə vəziyyətdə mədəniyyətlərarası dialoqa, elm və din xadimlərinin birgə fəaliyyətinə ciddi ehtiyac vardır. Dindən siyasi məqsədlər üçün istifadəyə, ekstremist təmayüllərə qarşı mübarizənin ön cərgəsində, ilk növbədə nüfuzlu siyasi və dini liderlər, ziyalılar, güclü təsir imkanlarına malik olan informasiya vasitələri durmalıdır.

 

Keçirilən konfransın əsas məqsədi – bütün dünyaya dinlə elmin vəhdətinin vacibliyini bəyan etməkdir. Bu gün “qloballaşma” məfhumu altında həyatımıza daxil olan bir sıra problemlər vardır. Dini müstəvidə yaşayan insanlar bu problemlərin yaranma səbəblərini dünyanın ilahi qanunlarının pozulması ilə əlaqələndirir və hesab edirlər ki, cəmiyyətlər Uca Yaradanın təyin etdiyi mənəvi dəyərlərdən uzaqlaşdıqca, bəşəri fəlakətlərə yaxınlaşırlar”.

 

QMİ sədri bildirib ki, dünyada sülhün və əmin-amanlığın bərqərar olması, cəmiyyətdə mənəvi-əxlaqi bazisin yaradılması və ənənəvi dəyərlərin qorunması məsələsində ziyalıların, elm və din xadimlərinin səylərinin birləşdirilməsi önəmli şərtlərdəndir: “Dinimizdə elmin və alimin mövqeyi barədə Peyğəmbərimiz Həzrət Məhəmməd əleyhissalamın mübarək hədisi vardır ki, alimlər peyğəmbərlərin varisləri, xəlifələri və davamçılarıdır, peyğəmbərlərin yolunu davam etdirənlərdir. Yaxın keçmişimizə qədər dinə bəslənən neqativ münasibəti, elm və din arasında uçurum fərqi qoyulmasını ruhun bədəndən ayrılmasına bənzətmək olar. Bu gün din və elm yaradılan şərait və imkanlardan istifadə edərək bir-birinə arxa-dayaq olmalı, cəmiyyətin, özəlliklə gələcək nəslin düzgün ruhda tərbiyəsinə və maariflənməsinə yardım etməlidir. Çox sevindirici haldır ki, AMEA ilə birgə keçirdiyimiz bu beynəlxalq konfrans bu sahədə apardığımız işlərin ilk müsbət göstəricisidir”.

 

Trend.az