Şahin Mustafayev: Azərbaycanda vergi daxilolmalarında özəl sektorun payı artaraq 72,5 faizə çatıb

Posted by

Şahin Mustafayev: Azərbaycanda vergi daxilolmalarında özəl sektorun payı artaraq 72,5 faizə çatıb

 

Şahin Mustafayev: Azərbaycanda vergi daxilolmalarında özəl sektorun payı artaraq 72,5 faizə çatıb

Şahin Mustafayev: Azərbaycanda vergi daxilolmalarında özəl sektorun payı artaraq 72,5 faizə çatıb

 

Azərbaycanda vergi daxilolmalarında özəl sektorun payı artaraq 72,5 faizə çatıb. Trend-in məlumatına görə, bunu iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Prezident İlham Əliyevin iştirakı ilə Heydər Əliyev Mərkəzində keçirilmiş Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunan konfransda çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müdrik və uzaqgörən inkişaf strategiyası nəticəsində son 10 ildə dayanıqlı və davamlı iqtisadi inkişafa nail olan, dünyadakı nüfuzu durmadan artan, regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilən ölkəmiz bu gün müəyyən edilmiş hədəflərə doğru inamla irəliləyir, ötən hər il bütün sahələrdə əldə olunan böyük uğurlarla tarixə düşür. Bu nailiyyətlərin əldə edilməsində müstəsna rolu olan Dövlət proqramları regionların iqtisadi potensialının əhəmiyyətli dərəcədə artmasına, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin daha da yaxşılaşmasına, müasir müəssisələrin açılmasına səbəb olmuş, Azərbaycanı bütün bölgələrində dinamik tərəqqi yaşanan bir ölkəyə çevirmişdir.

Onun sözlərinə görə, nəticədə 10 il ərzində ümumi daxili məhsul 3,4 dəfə, qeyri-neft sektoru 2,6 dəfə, investisiyalar 6,5 dəfə, əhalinin gəlirləri 6,5 dəfə artmış, yoxsulluğun səviyyəsi 8,4 dəfə azalaraq 5,3 faizə, işsizlik səviyyəsi 1,9 dəfə azalaraq 5 faizə enmiş, regionlarda 56 minə yaxın müəssisə fəaliyyətə başlamış və 1,2 milyondan çox yeni iş yeri yaradılmışdır ki, bunun 900 mini daimidir. “Bu müddət ərzində regionlarda ümumi məhsul buraxılışı 3,2, sənaye məhsulu 3,1, rabitə xidmətləri 6,1, əhalinin gəlirləri 6,3, orta aylıq əmək haqqı 7,3, əhaliyə göstərilən pullu xidmətlər isə 6 dəfə artmışdır. Xüsusilə qeyd etmək lazımdır ki, bir çox göstəricilər üzrə artım tempi ölkə üzrə müvafiq göstəricilərdən daha yüksək olmuşdur. Təsadüfi deyil ki, regionlardan vergi ödənişləri 14,2 dəfə artmışdır. Artıq 5 şəhər və rayonda xərclər yerli gəlirlər hesabına maliyyələşdirilir”.

Ş.Mustafayev bildirib ki, Prezident İlham Əliyevin 10 il ərzində bölgələrə səfərləri çərçivəsində 1300-dək müxtəlif təyinatlı infrastruktur obyektlərinin və yeni müəssisələrin açılış və təməlqoyma mərasimlərində şəxsən iştirakı, müəssisələrin fəaliyyəti ilə yaxından tanış olması, eləcə də ictimaiyyətlə keçirilən görüşlərdə qaldırılmış məsələlərin həlli məqsədilə əlavə olaraq 737,4 milyon manat vəsaitin ayrılması barədə imzaladığı 240 sərəncam dövlət başçısının regionların inkişafına göstərdiyi diqqətin bariz nümunəsidir: “Ümumilikdə proqramların icrasına bütün mənbələr hesabına 50,7 milyard, o cümlədən birinci proqramın icrasına 16 milyard, ikinci proqramın icrasına isə 34,7 milyard manat vəsait yönəldilmişdir. Proqramların icrası ilə bağlı konfranslarda dövlət başçısının verdiyi tapşırıqların yerinə yetirilməsi üçün zəruri tədbirlər həyata keçirilmişdir”.

Onun sözlərinə görə, regionların inkişafının mühüm amillərindən olan infrastruktur təminatının yaxşılaşdırılması məqsədilə 10 ildə yol-nəqliyyat infrastrukturunun, elektrik, qaz və su təchizatının yenilənməsi işləri aparılmış, nəticədə regionlarda kommunal xidmətlərin səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlmişdir: “Bundan əlavə, son 10 ildə su anbarları, hidroqovşaqlar, kanallar, drenaj şəbəkələri, yüzlərlə subartezian quyusu inşa və ya əsaslı təmir olunmuşdur. Bu obyektlər aqrar sektorun, sahibkarlığın inkişafını sürətləndirir, yeni torpaqların dövriyyəyə cəlb edilməsinə, içməli su və enerji təchizatının daha da yaxşılaşdırılmasına imkan yaradır. Rabitə xidmətlərinin keyfiyyətinin daha da yüksəldilməsi məqsədilə regionlarda telefon stansiyaları və poçt binaları istifadəyə verilmiş, bütün rayon mərkəzlərinə fiber-optik kabel çəkilmişdir. Bu gün regionlarda hər 100 nəfərdən 60-ı internet, 48-i isə genişzolaqlı internet istifadəçisidir”.

Nazir qeyd edib ki, regionlarda “ASAN xidmət”in fəaliyyətə başlaması göstərilən xidmətlərin keyfiyyətini, şəffaflığını və operativliyini artırmış və əhalinin gündəlik həyatını asanlaşdırmışdır. Hesabat dövründə əhəmiyyətli ekoloji tədbirlər həyata keçirilmiş, mühafizə olunan təbiət ərazilərinin sahəsi iki dəfə artırılaraq 900 min hektara çatdırılmış, 9 milli park yaradılmış, 20 milyon ağac və bəzək kolu əkilmişdir. Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması üçün 400 mindən çox əhalisi olan 222 yaşayış məntəqəsində modul tipli sutəmizləyici qurğular quraşdırılmışdır.

 

Ş.Mustafayev deyib ki, proqramlar çərçivəsində 2708 məktəb, regionlarda 38 mərkəzi xəstəxana olmaqla, 500-dən çox səhiyyə, 700-ə yaxın mədəniyyət, 250-dən çox idman və gənclər obyekti tikilmiş və ya əsaslı təmir olunmuşdur: “Heydər Əliyev Fondunun təhsil, səhiyyə, mədəniyyət və digər sosial layihələrin reallaşdırılmasında mühüm rolu olmuşdur. Fondun, şəxsən Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihələrin miqyası minlərlə insanın sosial şəraitinin yaxşılaşması üçün yeni imkanlar açmışdır”.

İqtisadiyyat və sənaye naziri bildirib ki, məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə 12 çadır şəhərciyi ləğv olunaraq 77 qəsəbə salınmış, burada 37 min ailə yerləşdirilmişdir. Eyni zamanda əlil və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi işləri davam etdirilmiş, 2788, o cümlədən regionlarda 2041 mənzilli yaşayış binaları və 450-dən çox fərdi ev tikilmişdir:

“Möhtərəm cənab Prezident, Sizin “Ölkəmizin inkişafı sahibkarlığın inkişafından asılıdır” strateji xəttinizə uyğun olaraq biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması ilə bağlı ardıcıl tədbirlər həyata keçirilmişdir. Bu baxımdan qanunvericilik bazasının təkmilləşdirilməsi, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, sahibkarlığa dövlət dəstəyinin genişləndirilməsi, vergi yükünün azaldılması, sağlam rəqabətin təmin edilməsi, 400-dən çox xidmətin elektron qaydada göstərilməsi, “bir pəncərə” prinsipinin tətbiqi, 10 il ərzində regionlarda 100 mindən çox sahibkarın iştirakı ilə 1200-dək maarifləndirmə, biznes forumların, konfransların keçirilməsi və digər tədbirlər nəticəsində regionlarda güclü özəl sektor formalaşmışdır”.

Onun sözlərinə görə, ötən 10 ildə Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına 19 mindən çox sahibkarın ümumi dəyəri 2 milyard manat olan layihələrinin maliyyələşməsinə, 45 faizi qaytarılmış vəsait olmaqla, 1,2 milyard manat güzəştli kredit verilmiş və bu layihələr hesabına 110 minədək yeni iş yeri yaradılmışdır. Kreditlərin 78 faizi, açılan iş yerlərinin isə 81 faizi regionların payına düşür: “Bu müddət ərzində Azərbaycan İnvestisiya Şirkəti regionlarda qeyri-neft sektorunun inkişaf etdirilməsi, yeni müəssisələrin yaradılması istiqamətində məqsədyönlü tədbirlər görmüş, “Milk Pro”, “Ağstafa Aqroservis”, “Azərtoxum” və “Dəvəçi Broyler”də həyata keçirilən layihələrdə iştirak etmişdir”.

Nazir deyib ki, bu tədbirlər nəticəsində hesabat dövründə məşğulluqda özəl sektorun payı 68 faizdən 74 faizə, vergi daxilolmalarında 42 faizdən 72,5 faizə qalxmış, sahibkarlıq subyektlərinin sayı 2,5 dəfə artmış, nəticədə ümumi daxili məhsulda özəl sektorun xüsusi çəkisi 80 faizi ötmüşdür: “Sözsüz ki, müasir tələblərə cavab verən minlərlə infrastruktur və sosial obyektlərin inşası ilə bərabər, biznes və investisiya mühitinin yaxşılaşdırılması regionların iqtisadi potensialını gücləndirməklə, ümumilikdə, iqtisadiyyatın diversifikasiyasının sürətlənməsinə, qeyri neft sektorunun və ixracının artmasına, ərzaq təhlükəsizliyinin möhkəmlənməsinə mühüm töhfə vermişdir. Belə ki, son 10 il ərzində regionlarda 500-dən çox sənaye müəssisəsi, o cümlədən Sumqayıtda texnologiyalar və tekstil parkları, Naxçıvanda sement, mərmər və avtomobil, Qazaxda sement, Gəncədə alüminium, Goranboyda gips və gips məhsulları, Mingəçevirdə polietilen borular, elektron avadanlıqları, Sumqayıtda kağız emalı, bitki yağları, günəş panelləri, Masallıda və Abşeronda kərpic, Hacıqabulda seramik plitələr, Gədəbəy və Daşkəsəndə qızıl emalı, Oğuzda qarğıdalı emalı və qlükoza, İmişlidə şəkər, bitki yağları və qarışıq yem zavodları, Masallıda mebel fabriki, yüzlərlə digər tikinti materialı, mebel, emal, çörək və digər müasir müəssisələr fəaliyyətə başlamışdır”.

Ş.Mustafayev qeyd edib ki, təkcə güzəştli kreditlər hesabına ümumi dəyəri 730 milyon manat olan 104 sənaye layihəsi maliyyələşdirilmiş, bu layihələr üzrə 80 müəssisə istifadəyə verilmiş, 24-ü üzrə işlər davam etdirilir. 2014-cü ilin “Sənaye ili” elan olunması bu sahədə aparılan işləri daha da genişləndirəcək və sənayeləşməni sürətləndirəcəkdir:

“Cənab Prezident, İntensiv metodlara əsaslanan aqrar sektorun yaradılmasına yönəlmiş siyasətiniz, həyata keçirilən dövlət dəstəyi tədbirləri öz nəticəsini vermiş, kənd təsərrüfatı məhsullarının istehsalının və ixracının artmasına, özünütəminetmə səviyyəsinin yüksəlməsinə səbəb olmuşdur. Sizin göstərişinizə əsasən yaradılmış pilot taxılçılıq təsərrüfatında ötən il rekord həcmdə – hər hektardan 55 sentner taxıl və 100 sentnerdən artıq yüksək keyfiyyətli qarğıdalı yığılmışdır. Hazırda Beyləqan, Hacıqabul, Cəlilabad və Xaçmaz rayonlarında da 5 iri fermer təsərrüfatının yaradılması işləri yekunlaşmaqdadır”.

Onun sözlərinə görə, aqrar sektorda emalçılar ilə istehsalçılar arasında münasibətlərin tənzimlənməsi, fermerlərin dövlətin dəstək mexanizmlərindən səmərəli istifadə etməsi məqsədilə regionlarda 50 başlıq südlük cins heyvandarlıq ailə təsərrüfatlarının yaradılmasına başlanılmışdır. Bu mexanizm ət və süd məhsulları istehsalının artırılmasında, emal sənayesinin davamlı və fasiləsiz xammalla təmin olunmasında, iribuynuzlu mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasında, kiçik sahibkarlığın daha sürətli inkişafında əhəmiyyətli olacaqdır: “Hesabat dövründə güzəştli kreditlərin 64 faizi kənd təsərrüfatı məhsullarının istehsalı və emalı layihələrinə yönəldilmişdir. Belə ki, illik istehsal gücü 55 min ton quş əti, 84 milyon damazlıq və 164 milyon əmtəəlik yumurta olan 39 quşçuluq müəssisəsinə 100 milyon manat kredit verilmiş, sənaye quşçuluğunun istehsal gücü 100 min tona çatdırılmış, quş əti istehsalı 51 faiz artaraq 97 min ton, o cümlədən sənaye üsulu ilə 2,6 dəfə artaraq 55 min ton olmuşdur. Görülmüş tədbirlər nəticəsində quş əti idxalı 73 faiz azalmışdır.

Bununla yanaşı, 20 min başlıq 16 cins heyvandarlıq kompleksinin, illik gücü 175 min ton olan 7 süd, illik gücü 81 min ton olan 7 ət istehsalı müəssisəsinin açılması nəticəsində ət və süd istehsalı artmış, özünütəminetmə səviyyəsi yüksəlmişdir. Eyni zamanda, 28 intensiv bağçılıq və üzümçülük təsərrüfatının, 30 müasir istixana kompleksinin və illik gücü 120 min ton olan 15 meyvə-tərəvəz emalı müəssisələrinin fəaliyyətə başlaması nəticəsində bu sahədə istehsal və ixrac imkanları xeyli artmışdır”.

Nazir bildirib ki, kənd təsərrüfatı məhsullarının tədarükü, saxlanması və satışı üzrə ümumi tutumu 203 min ton olan 40 logistik mərkəzin və ümumi tutumu 342 min ton olan 21 taxıl anbarı kompleksinin yaradılması əhalinin ilboyu keyfiyyətli yerli məhsullarla təminatında, istehsal olunan meyvə-tərəvəzin və taxılın tədarükündə, ixracın artmasında, qiymətlərin sabitliyinin təmin edilməsində mühüm rol oynayır: “Cənab Prezident! Ötən konfranslarda yeni ixrac bazarlarının müəyyənləşdirilməsi və ərzaq məhsullarının ixracının artırılması ilə bağlı verdiyiniz göstərişlərin icrası məqsədilə ixrac qabiliyyətli müəssisələrin yaradılması diqqətdə saxlanılmış, qablaşdırma, saxlanma, daşınma imkanlarının artırılması üzrə layihələr həyata keçirilmiş, Aktau şəhərində logistik mərkəzin yaradılmasına başlanılmışdır”.

Ş.Mustafayev deyib ki, ümumilikdə, 10 il ərzində qeyri-neft ixracı 4,7 dəfə, o cümlədən meyvə-tərəvəzin emal məhsullarının ixracı 2,5 dəfə, ixrac olunan qeyri-neft məhsullarının çeşidi 1,7 dəfə, ixrac ölkələrinin sayı isə 20 vahid artmışdır. Ötən müddətdə 14 beşulduzlu otel də daxil olmaqla, regionlarda turizm komplekslərinin, istirahət mərkəzlərinin istifadəyə verilməsi turizmin inkişafına geniş imkanlar yaratmışdır:

“Regionların müəllifi olduğunuz inkişaf strategiyasının uğurla həyata keçirilməsi nəinki bölgələrin, eləcə də ümumilikdə ölkənin inkişafında bir dönüş nöqtəsi olmuş, aparılmış möhtəşəm quruculuq və abadlıq işləri bütün şəhər, rayon və kəndlərin simasını tanınmaz dərəcədə dəyişərək, regionlarda əhalinin həyat səviyyəsinin daha da yaxşılaşmasına böyük töhfə vermişdir.

Sizin xalqımızın ümummilli lideri Heydər Əliyevin inkişaf strategiyasından qaynaqlanan, hər bir vətəndaşın rifahının davamlı olaraq yüksəlməsinə yönələn uzaqgörən, sistemli və qətiyyətli siyasətiniz bundan sonra da qarşıda duran vəzifələrin uğurla yerinə yetirilməsini, ölkəmizin, o cümlədən regionların inkişafının daha da sürətlənməsini təmin edəcəkdir”.

 

Trend.az