AFR hökuməti: Soyqırım haqqında 1948-ci il Konvensiyasının geriyə qüvvəsi yoxdur
Keçən həftə Almaniya bundestaqının saytında AFR hökumətinin ölkə parlamentinin solçu “Die Linke” fraksiyasının sorğusuna (http://dip21.bundestag.de/dip21/btd/18/035/1803533.pdf) rəsmi cavabı dərc edilib (http://www.bundestag.de/presse/hib/2015_01/-/356420).
Cavabda deyilir ki, federal hökumət 1915-16-cı illərdə Osmanlı imperiyasında ermənilərin qətlə yetirilməsinin və oradan qovulmasının 100 illiyinə həsr edilmiş tədbirlərdə iştirak etməyin mümkünlüyü məsələsini öyrənir. Lakin Mərkəzi Erməni Şurasının, Almaniya-Ermənistan Cəmiyyətinin, Erməni Kilsəsinin Almaniyadakı Yeparxiyasının və Ermənistan hökumətinin çağırışlarına baxmayaraq, federal hökumət özü həmin hadisələrin qurbanlarına matəm mərasimi keçirməyi planlaşdırmır.
Eyni zamanda federal hökumət iki ölkə arasında münasibətlərin normallaşdırılması təşəbbüslərini alqışlayaraq vurğulayır ki, 1915-16-cı illərin hadisələri ilə əlaqədar məsələlərin müzakirəsi ilk növbədə Türkiyənin və Ermənistanın özlərinə aiddir.
Sənəddə mübahisəli məsələlərin öyrənilməsi üçün tarixçilərin birgə komissiyasını yaratmaq barədə çağırış var.
Soyqırımı faktının olub-olmaması məsələsinə gəldikdə isə federal hökumət Soyqırımı haqqında 1948-ci il Konvensiyasını imzalayıb. Həmin Konvensiya 1951-ci ildə, federal hökumət üçün isə 1955-ci il fevralın 22-də qüvvəyə minib.
Federal hökumətin cavabında xüsusi vurğulanır ki, bu Konvensiyanın geriyə qüvvəsi yoxdur.
AzərTac.az