ABŞ səfiri: Fövqəladə hallarla mübarizədə Azərbaycanla əməkdaşlıq genişləndirilməlidir
Fövqəladə hallarla mübarizədə Azərbaycanla ABŞ arasında əməkdaşlıq genişləndirilməlidir.
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu barədə Amerika Birləşmiş Ştatlarının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərovla bu gün keçirilən görüşündə deyib.
Səmimi qəbula görə təşəkkürünü bildirən səfir ölkələrimiz arasında fövqəladə hallarla mübarizə sahəsində aidiyyəti qurumların əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi və inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
K.Heydərov səfiri yeni təyinatı münasibətilə təbrik edib, ona diplomatik fəaliyyətində uğurlar arzulayıb. Görüş zamanı qonağa respublikada fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlər, nazirliyin strukturuna daxil olan qurumların fəaliyyəti barədə ətraflı məlumat verilib. Həmçinin, ötən illər ərzində FHN ilə ABŞ-ın fövqəladə halların idarə edilməsi sahəsində müvafiq qurumları arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində görülən işlərin mühüm əhəmiyyət kəsb etdiyi səfirin diqqətinə çatdırılıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Trend.az