ABŞ konqresmenləri Xocalı faciəsi ilə bağlı Konqresdə bəyanatlarla çıxış ediblər
Fevralın 25-də ABŞ Konqresinin üzvləri Stiv Kohen (Steve Cohen) və Virciniya Foks (Virginia Foxx) Xocalı faciəsinin 22-ci ildönümü ilə bağlı Konqresdə bəyanatlarla çıxış ediblər.
Azərbaycanın ABŞ-dakı səfirliyindən Trend-ə verilən məlumata görə, Konqresdəki Azərbaycan üzrə İşçi Qrupunun həmsədrlərindən olan S.Kohen öz bəyanatında Azərbaycanın Dağlıq Qarabaş bölgəsinin Xocalı şəhərində baş vermiş faciə barədə məlumat verib və Dağlıq Qarabağın hazırda işğal altında olduğunu bəyan edib. Konqresmen Azərbaycanı dünyanın önəmli bir regionunda ABŞ-ın güclü müttəfiqi kimi xarakterizə edib və Birləşmiş Ştatların Ermənistan-Azərbaycan münaqişəsinin həllində fəal iştirakının vacibliyini vurğulayıb.
Konqresdəki Azərbaycan üzrə İşçi Qrupunun üzvlərindən olan V.Foks isə öz bəyanatında Xocalı faciəsinin Ermənistan-Azərbaycan münaqişəsinin ən ağrılı günü olduğunu və Amerika xalqının bu hadisəni yad etməsinin önəmini qeyd edib.
ABŞ Konqresinin üzvləri Cin Qrin (Gene Green) və Tim Rayn (Tim Ryan) da Xocalı faciəsinin 22-ci ildönümü münasibətilə Konqresdə bəyanatlarla çıxış ediblər.
Konqresmen C.Qrin öz bəyanatında Xocalının Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin ən böyük 3 yaşayış məntəqəsindən biri olduğunu qeyd edib və Xocalı faciəsinin nüfuzlu beynəlxalq media orqanları tərəfindən işıqlandırıldığını bəyan edib. Azərbaycanın ABŞ-ın mühüm tərəfdaşı və dostu olduğunu vurğulayan konqresmen, eyni zamanda, dünya liderlərini Azərbaycan torpaqlarının işğalına son verəcək sülh razılaşmasının əldə olunmasına kömək etməyə çağırıb.
Öz növbəsində, konqresmen T.Rayn da Xocalı faciəsinin qurbanlarını yad edib. O, öz bəyanatında Ermənistan və Azərbaycan arasındakı münaqişənin ədalətli və hərtərəfli həllinin regionda uzunmüddətli sülhün bərqərar olmasının baxımından həlledici olduğunu vurğulayıb.
Trend.az