ABŞ konqresmenləri Bakıda səfərdə olub
İllinoys ştatının nümayəndələri Kennet Dankin, Le Shon Keyt Ford, konqresmen Lui Qutyeresdən ibarət CoDEl nümayəndə heyətinin Bakıya 2 günlük səfəri başa çatıb.
APA-nın məlumatına görə, səfər çərçivəsində konqresmenlər ölkənin ictimai-siyasi, mədəni həyatı ilə tanış olmaq imkanı əldə ediblər.
Konqresmenlərin səfərinin ilk günü Heydər Əliyevin məzarının ziyarət olunması ilə başlayıb. Daha sonra Şəhidlər xiyabanını ziyarət edən nümayəndə heyətinə müasir Azərbaycan tarixinin təzadlı və faciəvi dövrü haqqında geniş məlumat verilib.
3 gün ərzində Azərbaycanın yüksək rütbəli məmurları, ictimai xadimləri ilə görüşən konqresmenlər Azərbaycan Diplomatiya Akademiyasının da qonağı olublar.
Akademiyanın rektoru Hafiz Paşayevlə, müəllim heyəti ilə görüşən qonaqlarla Azərbaycanın təhsilinin bu günü haqqında fikir mübadiləsi aparılıb.
Daha sonra Heydər Əliyev Mərkəzində təşkil olunan ekskursiya çərçivəsində konqresmenlər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən ekspozisiya, Milli İncilər sərgisi ilə tanış olublar.
Bakının özündə həm qədim, həm də müasir memarlıq ənənələrini ahəngdar şəkildə yaşatması konqresmenlərin ölkəmizdən zəngin təəssüratla ayrılmasına zəmin yaradıb.
Apa.az