ABŞ Dövlət Departamenti: Dağlıq Qarabağ münaqişəsinin yalnız davamlı və sülh yolu ilə həlli regiona stabillik və firavanlıq gətirə bilər
Dağlıq Qarabağ münaqişəsinin yalnız davamlı və sülh yolu ilə həlli regiona stabillik, firavanlıq və barışıq gətirə bilər. Trend-in ABŞ Dövlət Departamentinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bunu Dövlət Departamentinin sözçüsü Cen Psaki Xocalı soyqırımına münasibət bildirərkən qeyd edib.
C.Psaki bildirib: “Azərbaycan və Ermənistan arasında müharibə zamanı faciəvi insan itkisi bizə bir daha xatırladır ki, Dağlıq Qarabağ münaqişəsi hərbi yolla həll oluna bilməz”.
Onun sözlərinə görə, ABŞ Minsk qrupunun həmsədri kimi, sülhə nail olmaq üçün hər iki tərəflə işləməyə tam sadiq qalır.
Qeyd edək ki, Xocalı soyqırımı zamanı 613 nəfər öldürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca qətlə yetirildi. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin əsir götürüldü, onlardan 150 nəfərin taleyi indi də məlum deyil.
Trend.az