AİB Azərbaycan üçün 2014-2016-cı illəri əhatə edən biznes planını təsdiq edib

Posted by

AİB Azərbaycan üçün 2014-2016-cı illəri əhatə edən biznes planını təsdiq edib

2014-cü il yanvarın 17-də Asiya İnkişaf Bankı (AİB) Azərbaycan üçün 2014-2016-cı illəri əhatə edən Ölkə üzrə Əməliyyatlar Biznes Planını (ÖƏBP) təsdiq edib.

AİB-dən Trend-ə verilən məlumata görə, ÖƏBP-in prioritetləri AİB-in yekunlaşmaqda olan 2014-2018-ci illər üçün Ölkə Tərəfdaşlıq Strategiyasının prioritetləri və Azərbaycan hökumətinin “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası ilə uzlaşdırılıb.

AİB nəqliyyat, şəhər infrastrukturu və xidmət sektorunun inkişafı, və enerji sahələrini prioritet sahələri kimi seçib. AİB məsləhətləşmələr və texniki yardımlar vasitəsilə digər sektorlarda da hökumət ilə əməkdaşlığı davam etdirmək niyyətindədir. AİB həmçinin kiçik və orta sahibkarlıq və kənd təsərrüfatı biznesinə dəstək vermək üçün kommersiya banklarına kreditlərin ayırmasını davam etdirəcək.

2014-2016-cı illər üçün ÖƏBP çoxşaxəli iqtisadi artıma dəstək olacaqdır. AİB-in nəqliyyat sektorundakı layihələri nəticəsində yoxsullar, eləcə də qadınlar dolayı faydalana biləcək, və iqlim dəyişikliyinin təsiri azaldılacaqdır. AİB-in Azərbaycanın su təchizatı və kanalizasiya sektoruna yardımı əhalinin bütün təbəqələrinə birbaşa müsbət təsir edəcək. Bərpa olunan enerji və bərk tullantıların idarə edilməsi sahələrində AİB-in təklif etdiyi yardım ətraf mühitin yaxşılaşdırılmasına xidmət edəcəkdır.

ÖƏBP-da nəzərdə tutulan layihələrin həyata keçirilməsi üçün 2014-2016-cı illər arasında 610 milyon ABŞ dolları həcmində kreditlərin və 5,5 milyon ABŞ dolları həcmində texniki yardımlar üçün qrantların ayrılması tələb olunur.

AİB-in Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Olly Noroyono bildirib: “Biz biznes planın hazırlanması zamanı Azərbaycan hökumətininin nümayiş etdirdiyi yüksək səviyyəli əməkdaşlıq üçün təşəkkürümüzü bildirir və ÖƏBP-in effektiv həyata keçirilməsinə ümid edirik”.

Manilada yerləşən AİB əhatəli iqtisadi artım, ekoloji cəhətdən davamlı inkişaf və regional inteqrasiya vasitəsilə Asiya və Sakit okean regionunda yoxsulluğun azaldılmasına çalışır. AİB 1966-cı ildə yaradılıb və 67 üzv ölkədən ibarətdir – onlardan 48-i regiona məxsusdur. 2012-ci ildə AİB-in ümumi yardımı $ 21,6 milyard olub, o cümlədən $ 8,3 milyard birgə maliyyələşdirməyə yönəldilib.

 

Trend.az