Azərbaycanın Moldovadakı səfirliyi imkanları məhdud olan uşaqlar üçün xeyriyyə aksiyası keçirib
Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi günü ərəfəsində Moldovadakı “Dreptul de afi” (“Yaşamaq hüququ”) adlı ictimai təşkilat ölkəmizin Kişineudakı səfirliyinə müraciətlə Moldovanın Beltsı şəhərində yaşayan, imkanları məhdud olan uşaqlar üçün sirkə bilet almağa maliyyə yardımı göstərilməsini xahiş edib. Bu barədə AzərTAc-a ölkəmizin Moldovadakı səfirliyində məlumat verilib.
Azərbaycanın Moldovadakı diplomatik nümayəndəliyi bu xahişə operativ münasibət bildirib. Səfirliyin əməkdaşları Beltsı şəhərinə gedərək, bu şəhərdə yaşayan, imkanları məhdud olan 30 uşaq üçün sirkə bilet alıb, onlara hədiyyələr, şirniyyat, meyvə və şirələr təqdim ediblər.
“Dreptul de afi” ictimai təşkilatının sədri Natalya Protsyuk uşaqların və onların valideynlərinin adından səfirliyə məktub yazaraq “uşaqlara bəxş edilən hədsiz sevincə və səadətə görə” dərin təşəkkürünü bildirib. Məktubda deyilir: “… Bu gün uşaqların xatirində uzun illər qalacaq. Onlara bu xoşbəxt anları bəxş etmiş insanlara ömür boyu minnətdarıq”.
Diplomatlarımızın bu aksiyası bir daha əyani şəkildə sübut edib ki, xeyriyyəçilik fəaliyyətində iştirak etmək Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinin işində prioritet məsələlərdən biridir.
AzərTac.az